I Avropa Oyunları ərəfəsində yenidənqurma işləri tamamlanıb

I Avropa Oyunları ərəfəsində yenidənqurma işləri tamamlanıb

Bu gün Mədəniyyət və Turizm Nazirliyi bir qrup jurnalistlər üçün "Atəşgah məbədi" Dövlət Tarix-Memarlıq Qoruğuna infotur təşkil edib. SİA-nın verdiyi məlumata görə, infoturun keçirilməsində məqsəd media nümayəndələri vasitəsilə vətəndaşlara və birinci Avropa Oyunları zamanı ölkəyə gələcək çoxsaylı turistlərə tarixi və mədəni irsimizi təbliğ etməkdir.

Qrupa bələdçiliyi nazirliyin tarix və mədəniyyət abidələrinin istifadəsi və mühafizəsi şöbəsinin qoruqlarla iş, tarix və mədəniyyət abidələrinin monitorinqi və təbliği sektorunun müdiri Könül Cəfərova edib. O, jurnalistlərə qoruqda yaradılmış yeni ekspozisiyalar haqqında məlumat verib. Bildirib ki, "Bakı-2015" ilk Avropa Oyunları ərəfəsində YUNESCO-nun "Dünya irsinin ilkin siyahısı"na daxil edilən "Atəşgah məbədi" Dövlət Tarix-Memarlıq Qoruğunda yenidənqurma işləri tamamlanıb: "Prezident İlham Əliyevin müvafiq tapşırığı əsasında bərpa və yenidənqurma işləri aparılmış "Atəşgah"ın 24 hücrəsi var. Hər hücrədə fərqli ekspozisiyalar yaratmışıq. Bu ekspozisiyalar əsasən beynəlxalq layihələr üzrə həyata keçirilib. Hər hücrənin öz təyinatı var. Atəşpərəstlik və zərdüştlük ən qədim dinlərdəndir. Azərbaycan tolerant ölkə olduğu üçün qərara aldıq ki, təkcə bu iki din barədə deyil, Azərbaycanda sitayiş edilmiş digər dinlər haqqında da məlumat verək. Həmin məlumatlar müasir texnologiyalar vasitəsilə tablolarda əks etdirilib".

Bundan başqa, məbəddə və ümumən Abşeron yarımadasında aparılmış arxeoloji qazıntılar zamanı tapılmış qədim əşyalar xüsusi şüşə qutulara salınıb, bəzi məlumatlar 3D formatında ziyarətçilərə şəkillərlə təqdim olunur.

Qeyd edək ki, "Atəşgahın" tarixi taleyində Azərbaycan xalqının çoxəsirli, hadisələrlə zəngin tarixinin böyük mərhələləri bir-birinə qovuşub. Abidənin tarixi kökləri bizi çox qədimlərə, Azərbaycan dövlətçiliyinin yarandığı və ölkədə hakim dinin yaranma tarixi e.ə. X –IX əsrlərə aid olan zərdüştlük olduğu dövrlərə aparır.

Zərdüştlük dünyada ən qədim dinlərdən biridir. Bu din Azərbaycan ərazisində yaranmışdır. Abşeron yarımadası isə, xüsusən neft və qaz yataqları ilə zəngin olan Suraxanı zərdüştilərin təxminən b. e. II – III əsrlərində özlərinə məbəd tikdirmələri üçün ən münasib yer olmuşdur, məbəd isə "Atəşgah", yəni "od yeri", "od səcdəgahı" adlandırılıb.

O zaman Azərbaycan torpağında minlərlə od yanırdı. İstər möhtəşəm məbədlərdə, istərsə də sadə adamların səcdəgahlarında səndəl və şümşad ağaclarının ətirlərini ətrafa yayaraq "müqəddəs od" alovlanırdı. Bir çox səyyah və alimlər, o cümlədən XVIII əsrdə İngiltərənin görkəmli ictimai xadimi, səyyah və publisist olmuş Conas Hanuey (1744) Bakı ətrafında ayrı-ayrı dövrlərdə tikilmiş müxtəlif tipli qədim od məbədlərinin tam komplekslərinin mövcudluğu haqqında yazırdı. İnsanlar bədbəxtlik və zülmdən müdafiə axtararaq, xoşbəxtlik və əmin-amanlıq haqqında dualar edərək oda ibadət edirdilər. Bu qədim odlardan da Azərbaycan özünün "odlar yurdu" adını alıb.

Bütün xəbərlər Facebook səhifəmizdə