Özbəkistan Dövlət Konservatoriyasında Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının "Baku Chamber Orchesta" gənclər kamera orkestrinin konserti keçirilib. SİA-nın verdiyi məlumata görə, Azərbaycanın Özbəkistandakı səfirliyi və bu qurumun nəzdindəki Heydər Əliyev adına Mədəniyyət Mərkəzinin təşəbbüsü ilə baş tutan konsertdə Azərbaycandan və Özbəkistandan fəxri qonaqlar, deputatlar, dövlət nümayəndələri, mədəniyyət və incəsənət xadimləri, Özbəkistana akreditə olunmuş xarici ölkələrin səfirləri, diplomatları, Azərbaycan diasporunun üzvləri, tələbələr, jurnalistlər iştirak ediblər.
Qeyd edək ki, Özbəkistanda Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin doğum gününə həsr olunmuş silsilə tədbirlər davam edir və təşkil olunan konsertə Özbəkistan ictimaiyyəti böyük maraq göstərib.
Səfir Hüseyn Quliyev tədbiri giriş sözü ilə açaraq, ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyəti haqqında söhbət açmış, məhz ümummilli liderin 92-ci ildönümü münasibəti ilə Bakı Musiqi Akademiyasının gənclər kamera orkestrinin Bakıdan xüsusi olaraq dəvət olunduğunu qeyd edib.
Tədbirin bədii hissəsində Niyazi, Fikrət Əmirov, Qara Qarayev, Aqşin Əlizadə, Vasif Adıgözəlov, Vaqif Mustafazadə və digər tanınmış qərb bəstəkarların əsərləri ifa olunub.
Konsertdə Bakı Musiqi Akademiyasının rektoru, Xalq Artisti Fərhad Bədəlbəyli, Əməkdar Artist Samirə Cəlilova, Beynəlxalq müsabiqələr laureatları Aytac Şıxəlizadə və Emil Bağırov Azərbaycan və dünya bəstəkarlarının klassik əsərlərini ifa ediblər.
Orkestrin dirijoru Azərbaycan Respublikasının Əməkdar İncəsənət Xadimi Fəxrəddin Kərimov olub.
Konsert böyük maraqla qarşılanmış, dəfələrlə tamaşaçıların alqışları ilə müşayət olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB