Bu gün AMEA Milli Azərbaycan Tarix Muzeyində görkəmli şərqşünas alim, Sovet İttifaqı Qəhrəmanı, akademik Ziya Bünyadovun ingilis dilində çap olunan "Xarəzmşahlar- Anuştəqinilər dövləti. 1097-1231" kitabının təqdimat mərasimi keçirilib. SİA-nın verdiyi məlumata görə, tədbir Milli Azərbaycan Tarix Muzeyi, Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutu və Özbəkistan Respublikasının Azərbaycandakı səfirliyi ilə birlikdə təşkil olunub.
Kitab 2015-ci ildə AMEA-nın müxbir üzvü Şahin Mustafayev və İngiltərə şərqşünası Tomos Velsfordun elmi redaktəsi ilə nəşr olunub.
Tədbir zalında qonaqlar Z.M.Bünyadovun həyat və fəaliyyətini əks etdirən şəxsi sənədləri və elmi əsərlərindən ibarət stendlərlə tanış olublar.
Mərasimi giriş sözü ilə, muzeyin direktoru akademik Nailə Vəlixanlı açaraq Ziya Bünyadovun görkəmli şəxsiyyət və şərqşünas alim kimi fəaliyyəti, şəxsi keyfiyyətləri barədə ətraflı danışıb. Daha sonra natiq təqdimatı keçirilən kitabın strukturu və mahiyyəti barədə məlumat verib.
AMEA-nın vitse-prezidenti İsa Həbibbəyli öz çıxışında Şərq və türk-müsəlman xalqlarının tarixinin öyrənilməsində Azərbaycan elminin qazandığı nailiyyətləri qeyd edib, bu işdə akademik Z.Bünyadovun zəhmətini xüsusi vurğulayıb.
AMEA-nın müxbir üzvi Şahin Mustafayev öz çıxışında kitabın tərcüməsi və çapını təşkil etmiş Beynəlxalq Asiya Tədqiqatlar İnstitutunun fəaliyyəti, türk xalqlarının tədqiqinə İnstitutun töhfəsi barəsində danışır və müvafiq prezentasiyanı təqdim edir.
Özbəkistanın Azərbaycan Respublikasındakı Fövqəladə və Səlahiyyətli səfiri Şerzod Fayziyevin Urgənc şəhərinin fəxri vətəndaşı olmuş Ziya Bünyadovun Azərbaycan-Özbəkistan dostluq münasibətlərində yeri və rolu barəsində çıxış edib.
Qeyd edək ki, sonda tanınmış şərqşünas alimi tanıyanlar onunla bağlı xatirələrini bölüşüblər.

Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB