Bakı 2015 İlk Avropa Oyunlarının məşəl estafeti davam edir. Ötən gün Zərdab və Tərtəri dolaşan məşəl artıq Yevlaxa yola salınıb. Yevlaxdan sonra məşəl yürüşü 149500 nəfər əhalisi olan Bərdədə davam etdiriləcək.
Nəzərinizə çatdıraq ki, I Avropa Oyunlarının məşəli 47 gün ərzində Azərbaycanın hər bir guşəsini gəzib dolaşacaq və açılış mərasimində Bakı "Olimpiya" stadionuna gətiriləcək. Estafetə 1000 nəfərdən çox məşəlçi cəlb olunub və hər regionda "Alov festivalı"nın keçirilməsi nəzərdə tutulub. Məşəl iyunun 8-də paytaxtdakı idman arenalarında, 9-da isə İçərişəhərdə gəzdiriləcək. 10 iyun məşəl proqramının son günü olacaq və Bakıya gətirilənədək təxminən 5500 kilometr məsafə qət edəcək. 660 millimetr hündürlüyü olan məşəlin gövdəsi "Bakı-2015" brendində yer alan nar ağacını xatırladır. Alovu qoruyan mis başlıq da nar formasındadır. Onun 50 çəyirdəyi Oyunlarda iştirak edən ölkələrin sayını təmsil edir.
Qeyd edək ki, Yevlax şəhəri 1938-ci ildə rayon tabeli şəhər statusu alıb. 6 yanvar 1965-ci ildən respublika tabeli şəhərdir. 2010-cu ildə aparılmış siyahıya almanın yekunlarına əsasən Yevlax şəhərində 64.524 nəfər əhali yaşayır. Yevlax şəhəri Bakıdan 293 km aralı Kür çayının sağ sahilində, düzənlikdədir. Yevlax şəhəri Qədim İpək yolunun üzərindədir. Qışı quraq keçən mülayim-isti yarımsəhra və quru çöl iqlimi var.
2004-cü ilin mart ayından başlayaraq şəhərdə bir sıra sənaye obyektləri yenidən qurulub və ya tikilib. "Təmir" ATSC yenidən qurulmuş və burada müxtəlif markalı traktorlar yığılır və təmir edilir. Həmçinin "Lalə-Tekstil" tikiş, "Arfa" mebel fabrikləri, "Gilan"dəri emalı, "Dan" kərpic zavodları, "Qida" MMC, konserv sexi və başqa yeni istehsal müəssisələri fəaliyyət göstərir. Yevlax, eyni zamanda, nəqliyyat qovşağı şəhəridir. Respublika əhəmiyyətli Bakı-Tbilisi dəmiryolu, Bakı-Qazax avtomobil yolu, Bakı-Supsa, Bakı-Tbilisi-Ceyhan neft, Qazax-Ağstafa, Bakı-Ərzurum qaz kəmərləri də Yevlaxdan keçir. Yevlaxda həmçinin daxili uçuşlara xidmət edən Yevlax Hava Limanı yerləşir. Son illər çəkilişinə başlanılmış Bakı-Tbilisi-Qars dəmiryolu xəttinin də buradan keçməsi Yevlax üçün əhəmiyyətli perspektiv vəd edir.
Karvan futbol klubu 11 iyun 2004-cü ildə Yevlax şəhərində təsis edilib. Klub üçün 5000 yerlik müasir standartlara cavab verən stadion, həmçinin ehtiyat meydança qurulmuş, futbolçular üçün düşərgə inşa edilib və bütün lazımi infrastrukturla təchiz olunub.







Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB