Milli Kitabxanada I Avropa Oyunlarına aid guşə yaradılıb

Milli Kitabxanada I Avropa Oyunlarına aid guşə yaradılıb

Mirzə Fətəli Axundzadə adına Azərbaycan Milli Kitabxanası "Bakı 2015" I Avropa Oyunlarına ciddi hazırlaşır. Milli Kitabxanadan SİA-ya verilən məlumata görə, kitabxanada I Avropa Oyunlarına aid guşə də yaradılıb.

Azərbaycanda kitabxana işi sahəsində dövlət siyasətini həyata keçirən, milli nəşrləri, xarici ölkələrdə Azərbaycan haqqında nəşr olunmuş çap məhsullarını və Azərbaycan müəlliflərinin əsərlərini, dünya əhəmiyyətli nəşrləri, o cümlədən xarici dillərdə çap olunmuş məlumat daşıyıcılarını toplayıb mühafizə edən kitabxana və dövlət kitabsaxlayıcısıdır. Azərbaycanın ən böyük kitabxanası olaraq Qafqazda və Avropada ən böyük milli kitabxanalardan biridir. Kitabxananın fondlarında saxlanılan nəşrlərin sayı 5 milyon ədəddən artıqdır.

Kitabxana Azərbaycan Respublikası Xalq Maarif Komissarlığının 13 noyabr 1920-ci il tarixli 53 nömrəli qərarına əsasən yaradılıb, rəsmi açılışı isə 1923-cü ilin may ayının 23-də olub.

Kitabxana yarananda onun fonduna İmperator Texniki Cəmiyyətinin Bakı şöbəsinin və Bakı İctimai Cəmiyyətinin kitabxanalarının fondlarından 5000 nüsxə kitab verilib.

1923-cü ildən sürətlə inkişaf etməyə başlayan kitabxana əsas diqqəti fondun komplektləşdirilməsinə verib. 1925-ci ildə o öz fondunda 51000, 1928-ci ildə isə 300 min adda kitab, jurnal, qəzet kart və digər çap məhsullarını toplaya bilib. Təkcə 1928-ci ildə xaricdən 50 adda dövri mətbuat alınmışdır. Oxucuları 3183 nəfər: onlardan 2957-si kişi, 226-sı isə qadın olub. Kitab verilişi isə 2576 nüsxə təşkil edib. İlk biblioqrafik göstəricilər 1927-ci ildə hazırlanmağa başlanıb. Ümumiyyətlə o dövrdə Şərqə artaq maraqla bağlı olaraq "Şərq haqqında jurnal materialları (1917-1927)", "1927-ci ildə Şərq haqqında SSRİ ədəbiyyatı" adlı göstəricilər bu silsilədəndir. 13 nəfər işçi ilə fəaliyyətə başlayan kitabxananın ilk direktoru M.Səlimov olub. Kitabxanada oxu zalı 1927-ci ildə açılıb. Oxu zalı hər gün saat 10-dan axşam saat 10-a kimi açıq idi. Kitabxana Azərbaycan Elmlər Akademiyasının binasında bir neçə otaqda yerləşirdi. Bu da onun iş fəaliyyətini genişləndirməyə imkan vermirdi. Buna baxmayaraq artıq 1928-ci ildə kitabxana 6 şöbədən: Şərq, Rus, Qərbi Avropa, Xüsusi şöbə, Xidmət və Biblioqrafiya bürosundan ibarət idi. İşçilərinin sayı isə 29-a çatıb.

1939-cu ildə kitabxanaya mütəfəkkir, dramaturq və maarifçi Mirzə Fətəli Axundovun adı verilib. 2004-cü ildə Nazirlər Kabinetinin qərarı ilə kitabxanaya "Milli Kitabxana" statusu verilib. "Kitabxana işi haqqında" və "Nəşriyyat işi haqqında" Azərbaycan Respublikasının qanunlarına əsasən Milli Kitabxana ölkə ərazisində dərc olunan nəşrlərdən pulsuz məcburi nüsxələr alır və onların əsasında milli mətbuatın arxiv fondunu yaradır. Bunun nəticəsi olaraq 2005-ci ildə kitabxanaya 21000 nüsxə yeni ədəbiyyat daxil olub.

2005-ci ildə Milli Kitabxanamız Avropa Milli Kitabxanalar Konfransı Beynəlxalq Təşkilatına üzvlüyə qəbul edilib. Keçmiş SSRİ ölkələri arasında Rusiyadan sonra bu təşkilata üzv olan ikinci dövlət Azərbaycan oldu. Bu da kitabxanamızın beynəlxalq əməkdaşlıq üfüqlərinin genişlənməsinə, ümumavropa və ümumdünya layihələrində iştirakına real imkanlar yaradacaq.

Bu təşkilat özündə 54 Avropa ölkəsinin kitabxanalarını birləşdirir. Avropa kitabxanalarının vahid bir sistemdə birləşdirilməsi, ümumavropa elektron kitabxanasının yaranmasına imkan yaradacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə