Cəlilabadda küp qəbir aşkarlandı

Cəlilabadda uzunluğu 2 metrə çatan küp qəbir tapılıb. SİA-nın Cənub bürosunun məlumatına görə, tapılan arxeoloji nümunənin içindən nəhəng dişləri və çənəsi olan naməlum heyvan sümüklərinin olması mütəxəssislərin marağına səbəb olub. Rayonun Göytəpə qəsəbəsində eyni adlı çayda son vaxtlar daşqınların yaranması nəticəsində torpağın 3 metr dərinliyində üzə çıxan nəhəng küpü burada balıq tutan şəxslər aşkar edib. Hər iki tərəfdən ölçüləri paralel olan daha çox silindir həndəsi fiqurunu xatırladan küpün içindən naməlum heyvanın çənə və iri dişlərinin qalıqları üzə çıxıb.

Tarixdə küp qəbirlər mədəniyyəti insanlara aid dəfn ritualı hesab olunsa da, ilk dəfə olaraq Cəlilabadda küpün içində naməlum heyvan sümüklərinin tapılması mütəxəssisləri düşünməyə vadar edir. Ərazi nəzarətə götürülüb. Tapılmış Küp və sümüyün qalıqları araşdırılması üçün paytaxta göndərilib. Tarixçilərin sözlərinə görə mövcud tapıntının araşdırılması qədim dövrlə bağlı son dərəcə maraqlı faktları üzə çıxara bilər.

Sərraf Mirsəfəroğlu

Bütün xəbərlər Facebook səhifəmizdə