Bilik Fondunun Yasamal rayonu üzrə nümayəndəsi Firəngiz Həsənovanın təşəbbüsü və Fondun dəstəyi ilə Şuşa rayon icra hakimiyyətinin nümayəndələri, Şuşa ziyalıları və məktəbliləri Akademik Milli Dram Teatrında "Xəcalət" tamaşasına baxıblar. Bilik Fondunun İnformasiya təminatı sektorundan SİA-ya verilən xəbərə görə, tamaşadan öncə Bilik Fondunun Yasamal rayonu üzrə nümayəndəsi Firəngiz Həsənova Azərbaycanın musiqi beşiyi olan Şuşanın işğal tarixindən danışıb, Şuşada şəhid olan həmvətənlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Bilik Fondunun sektor müdiri Xatirə Hüseynova Qarabağ xanlığının paytaxtı olmuş Şuşa şəhərində erməni işğalı nəticəsində qiymətli tarixi abidələrinin dağıldığını, milli arxitekturanın məhv edildiyini deyib, tezliklə işğal olunmuş torpaqlarımızı geri qaytaracağımıza, yenidən o bölgələrdə abadlıq və quruculuq işlərinin aparılacağına əminliyini vurğulayıb.
Şuşa rayon icra hakimiyyəti başçısının müavini Vüsalə Fətəliyeva Şuşalı məktəbliləri öz doğma vətənlərini unutmamağa çağırıb, Bilik Fonduna gənclər arasında milli-vətənpərvərlik ruhunun yüksəldilməsinə xidmət edən layihələr həyata keçirdiyinə görə minnətdarlığını ifadə edib.
Sonra məktəblilər və qonaqlar Qarabağ müharibəsindən, qaçqınların vətən həsrətindən bəhs edilən tamaşaya baxıblar. Hüseynbala Mirələmovun "Xəcalət" pyesi əsasında səhnələşdirilən tamaşanın rejissoru Bəhram Osmanovdur.
Tamaşada xalq artistləri Ramiz Novruz, Nurəddin Mehdixanlı, əməkdar artistlər Mətanət Atakişiyeva, Məzahir Cəlilov, aktyorlar Əlvida Cəfərov və Xədicə Novruzova çıxış edirlər.
Tamaşa ziyalılar və məktəblilər tərəfindən hərarətli alqışlarla qarşılanıb.
Tamaşadan sonra xalq artisti Nurəddin Mehdixanlı məktəblilərdə teatra, ədəbiyyata maraq yaratdığı üçün, Azərbaycan mədəniyyətini təbliğ edən tədbirlər təşkil etdiyi üçün Bilik Fonduna təşəkkür edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB