GTT I Avropa Oyunlarında yeniliklər təqdim edəcək AÇIQLAMA

GTT I Avropa Oyunlarında yeniliklər təqdim edəcək AÇIQLAMA

"İlk Avropa Oyunlarının ölkəmizdə keçirilməsi Azərbaycanın yüksək nüfuzunu daha da artıraraq ölkəmizin siyasi, mədəni, ictimai və sosial həyatında olduqca əhəmiyyətli hadisə kimi tarixə düşəcək". Bunu SİA-ya açıqlamasında Gənc Tamaşaçılar Teatrının direktoru Mübariz Həmidov söyləyib.

Bildirib ki, bir çox innovativ idman növünü özündə birləşdirən İlk Avropa Oyunları ölkəmizin mədəniyyət sahəsində də yaddaqalan olacaq: "49 ölkədən 6000-dən artıq idmançının qatılacağı bu beynəlxalq tədbirə dünyanın müxtəlif ölkələrindən turistlərin Azərbaycana axın edəcəyini nəzərə alaraq mədəniyyət müəssisəsi olaraq biz də hazırlıq işləri görürük. Teatrımıza təşrif buyuracaq turistlərin tamaşalara daha rahat şəkildə baxması üçün repertuarımızda olan tamaşaların ingilis dilinə tərcümə olunub səhnədəki qurğu ilə titrlər vasitəsilə ötürülməsi təmin ediləcək. Artıq teatrın iyun ayı üçün nəzərdə tutulmuş repertuarı tərtib edilib. Repertuarda Azərbaycan və dünya klassiklərinin, eləcə də müasir yazarların əsərləri yer alıb. Olimpiya oyunlarında tamaşaçı qismində iştirak edəcək qonaqlar üçün teatr - tamaşa müəssisələrinin, sərgi salonlarının, kinoteatrların iyun ayı üçün təsdiq edilmiş repertuarı ingilis və rus dillərində tərcümə olunaraq otellərdə və digər ictimai yerlərdə qonaqlara vermək üçün hazırlanıb. Biz çalışmışıq ki, qonaqlara dünya dramaturgiyasının ən məşhur nümunələri ilə bərabər, Azərbaycan milli dramaturgiyasından da ən gözəl nümunələri – M.F.Axundzadənin "Müsyö Jordan və dərviş Məstəli şah", Ə.Haqverdiyevin "Pəri cadu", H.Cavidin "Şeyx Sənan" kimi sanballı səhnə əsərlərini də təqdim edək. Avropa oyunları günlərində Gənc Tamaşaçılar Teatrı bütün yaradıcı və texniki qüvvəsini səfərbər edərək teatr mədəniyyətimizi layiqincə təmsil etmək üçün son hazırlıq işlərini başa vurmaq üzrədir".

Bütün xəbərlər Facebook səhifəmizdə