Parisdə, YUNESCO-nun iqamətgahında qurumun təcili qorunmaya ehtiyac olan qeyri-maddi mədəni irs siyahısına daxil edilmiş Azərbaycanın Qarabağ atüstü oyunu - çövkənə həsr olunmuş sərginin açılışı və fransız yazıçısı Jan-Lui Quronun "Qarabağ atı" kitabının təqdimatı olub. SİA-nın verdiyi məlumata görə, sərgi Heydər Əliyev Fondunun və YUNESCO-nun təşkilatçılığı, Azərbaycan Respublikasının YUNESCO yanında daimi nümayəndəliyinin dəstəyi ilə ərsəyə gəlib.
Tədbir bu il mayın 16-da YUNESCO-da keçiriləcək Avropa Muzeylər Gecəsi çərçivəsində təşkil olunub.
Tədbiri açan YUNESCO baş direktorunun mədəniyyət məsələləri üzrə müavini Alfredo Perez sərginin keçirilməsinə görə təşəkkürünü bildirib. O, 2013-cü ildə çövkənin YUNESCO-nun təcili qorunmaya ehtiyac olan qeyri-maddi mədəni irs daxil edilməsini Azərbaycan hökumətinin qeyri-maddi irsin qorunmasına yüksək diqqətinin göstəricisi kimi qiymətləndirib.
Azərbaycanın YUNESCO yanında daimi nümayəndəsi səfir Anar Kərimov ölkəmizin Avropa Muzeylər Gecəsində 7-ci dəfə iştirak etdiyini xatırladıb və ilk dəfə YUNESCO tərəfindən tədbirdə dəyərli qonaq qismində iştiraka dəvət olunduğunu bildirib.
A.Kərimov çövkənin xalqımızın mədəni irsində əhəmiyyətli rolunu qeyd edib, qədim oyununun dahi Azərbaycan şairi Nizami Gəncəvinin əsərlərində, "Dədə Qorqud" dastanında və məşhur səyahətçilərin yazılarında əks olunduğunu diqqətə çatdırıb. Daimi nümayəndə çövkənin Azərbaycanın Qarabağ bölgəsinin atları ilə əlaqədar olduğunu bildirib və qeyd edib ki, həmin ərazilərin işğalı nəticəsində Qarabağ at cinsinin artımı mürəkkəbləşib. Buna baxmayaraq, Qarabağ atlarının qorunması üçün dövlət tərəfindən tədbirlər görülür və çövkənin 2013-cü ildə YUNESCO-nun siyahısına daxil edilməsi onun qorunmasına əlavə təkan verib.
Daimi nümayəndəliyin rəhbəri "Qarabağ atı" kitabının müəllifi Jan-Lui Quroya gördüyü işə görə təşəkkürünü bildirib.
Qeyd edək ki, sonda sərgidə iştirak edən YUNESCO-da akkreditə olunmuş daimi nümayəndələrə, katibliyin təmsilçilərinə, Fransa ictimaiyyətinin nümayəndələrinə və jurnalistlərə "Qarabağ atı" kitabı paylanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB