İstiqlal muzeyindən "Bakı 2015"lə bağlı yenilik

İstiqlal muzeyindən "Bakı 2015"lə bağlı yenilik

"Azərbaycan İstiqlal Muzeyi bu il 18 may Beynəlxalq Muzeylər günündə "Bakı-2015" I Avropa Oyunları ilə bağlı sərgi təşkil etməyi düşünür". Bunu SİA-ya açıqlamasında Azərbaycan İstiqlal Muzeyin elmi katibi Nigar Qazızadə söyləyib: "Artıq biz rəssamların bu mövzu ilə bağlı əsərlərini qəbul edirik və həmin gün sərgi təşkil olunacaq. Həmçinin gələn qonaqlara ekskursiyamızı üç dildə rus, ingilis və Azərbaycan dilində təqdim edəcəyik. Onu da deyim ki, əgər kimsə ekskursiya istəməsə, onlara xüsusi rus və ingilis dilində kitabçalar hazırlamışıq ki, onlar sərbəst şəkildə ekspozisiya ilə tanış ola bilsinlər. Həmin şəkillərə ekspozisiyamız haqda qısa məlumat verilir. Oradakı şəkillərdə həmin eksponat haqda məlumat da qeyd edilir. Xüsusilə diqqətinizə çatdırım ki, 2012-ci ildə Bakıda keçirilən Avroviziya Mahnı Müsabiqəsi zamanı olduğu kimi, bu il də möhtəşəm "Bakı 2015" I Avropa Oyunları vaxtı muzeyimiz səhər 10:00-dan gecə 12:00-a qədər qonaqların üzünə açıq olacaq".

Qeyd edək ki, Azərbaycan İstiqlal Muzeyi xalqının milli-azadlıq hərəkatını əks etdirən eksponatların saxlandığı muzeydir. Azərbaycan İstiqlal Muzeyi 1991-ci il yanvarın 9-da yaradılıb. O vaxt muzeyin cəmi 7000 eksponatı olub. Hazırda bu göstərici 20 000 eksponatdan artıqdır. Muzeyin ekspozisiyası 6 zalda nümayiş etdirilir :

Azərbaycan İstiqlal Muzeyində rəsm və heykəltəraşlıq əsərləri, xəritələr, şəkillər, kitablar, pul əskinazları və başqa eksponatlar nümayiş etdirilir. Muzeyin ekspozisiyasında müxtəlif tarixi hadisələrə aid maraqlı tematik sərgilər və tədbirlər keçirilir. Əslində bu muzeyin tarixi daha uzaq dövrə – 1919-cu ilə gedib çıxır. Çünki Azərbaycanın ilk dövlət muzeyi də məhz İstiqlal Muzeyi olub. 1919-cu il dekabrın 7-də Azərbaycan Xalq Cümhuriyyəti parlamentinin quruluşunun birinci ildönümü münasibətilə elə parlamentin binasında təşkil olunan İstiqlal Muzeyi cəmisi bir neçə ay fəaliyyət göstərmişdi. 1920-ci ilin 28 aprelində Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra muzey fəaliyyətini dayandırdı. Muzey öz fəaliyyətini 71 il sonra müstəqilliyimizlə birlikdə bərpa etdi. Beləliklə, 1991-ci il yanvarın 9-da İstiqlal Muzeyi yaradıldı. 1919-cu ildə yaradılan muzeydən heç bir eksponat qalmasa da, yenidən fəaliyyətə başlayan muzey "İstiqlal" adını alaraq, birinci muzeyin mənəvi varisi oldu.

Bütün xəbərlər Facebook səhifəmizdə