Teatr Muzeyi I Avropa Oyunlarına yeni sərgi təqdim edəcək AÇIQLAMA

Teatr Muzeyi I Avropa Oyunlarına yeni sərgi təqdim edəcək AÇIQLAMA

"Cəfər Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyi "Bakı 2015" I Avropa Oyunları zamanı xarici qonaqların qarşısına yeni bir sərgi ilə çıxmağı planlaşdırır". Bunu SİA-ya açıqlamasında muzeyin elmi işlər üzrə direktor müavini Sevinc Mikayılova söyləyib: "Bildiyiniz kimi, bu il dahi bəstəkar Üzeyir Hacıbəylinin 130 illik yubileyidir və biz buna ciddi hazırlaşırıq. Eyni zamanda qərara gəldik ki, muzeydə Üzeyir Hacıbəylinin əsərlərinə, opera və operettalarına çəkilmiş dekorasiya geyim eskizlərindən ibarət maraqlı bir sərgi quraq. Bunu teatr rəssamlarımız tərəfindən çəkilib və muzeyimizin fonduna təqdim edilib. Düşünürük ki, bu cür sərgi olduqca maraqlı olacaq. Həmçinin muzeyin ekspozisiyasında Azərbaycan Teatrının tarixinə dair maraqlı faktlar haqqında ziyarətçilərə məlumat veriləcək. Onu da deyim ki, muzeyimizdə rus, ingilis və təbii ki, Azərbaycan dilində olan bələdçilər turistlərə Teatr Muzeyi haqqında ətraflı məlumat verəcəklər".

Qeyd edək ki, Azərbaycan Teatr Muzeyi Azərbaycan Respublikasının zəngin və qabaqcıl mədəniyyət ocaqlarından biridir. Muzeydə 130 minədək əşya toplanıb.

Muzeyin təşkili 1927-ci ilə təsadüf edir. Muzeyin yaradıcısı teatr tariximizin öyrənilməsində və təbliğində böyük əmək sərf etmiş Ağakərim Şərifov olub. 1927-ci ildə teatr işçilərinin respublika müşavirəsində belə bir muzeyin yaradılması barədə məsələ qaldırılmış və elə həmin ildə Azərbaycan Dövlət Dram Teatrının binasında belə bir muzey təşkil olunub. Əslində bu, teatr tarixinə aid sərgi və gələcək muzeyin təməli idi. Şahidlərin xatırladığına görə, sərginin açılış lentini kəsən böyük ədiblərimiz – Cəlil Məmmədquluzadə və Əbdürrəhim bəy Haqverdiyev belə deyiblər: "Yaşasın Azərbaycan teatrı!"

Məhz həmin gündən bu muzey teatr tarixinə və teatr xadimlərinə aid yadigarları, əlyazmaları, fotoşəkilləri, rəsm əsərlərini, müxtəlif sənədləri toplayan və qoruyan məbədə çevrilib.

Sərgi tez bir zamanda o vaxtlar fəaliyyət göstərən Azərbaycan Dövlət Muzeyinin teatr şöbəsi kimi rəsmiləşdirilir. Nəhayət, 1934-cü ildə Azərbaycan Dövlət Muzeyinin müvafiq şöbəsinin bazasında Azərbaycan Dövlət Teatr Muzeyi yaradılır və Ağakərim Şərifov muzeyin direktoru təyin edilir.

1934-cü il noyabrın 24-də muzeyin təntənəli açılış mərasimi keçirilir. Mərasimdə o dövrün görkəmli sənət xadimləri – Bülbül, Şövkət Məmmədova, Hüseynqulu Sarabski, Aleksandr Tuqanov, Ülvi Rəcəb, İsmayıl Hidayətzadə və başqaları iştirak ediblər.

1935-ci ildə muzeyə böyük Azərbaycan dramaturqu Cəfər Cabbarlının adı verilir.

1963-cü ildə isə Azərbaycan Dövlət Teatr Muzeyi ləğv edilir və Nizami adına Azərbaycan Ədəbiyyatı Muzeyinin Teatr və dramaturgiya şöbəsinə çevrilir.

Respublika hökuməti 1968-ci ildə həmin şöbənin bazasında "C.Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyinin təşkili haqqında" qərar qəbul edir. Nizami adına Azərbaycan Ədəbiyyatı Muzeyinin binasının IV mərtəbəsindəki otaqlar yeni yaradılmış muzeyə verilir. Bu otaqlarda yalnız muzeyin fond əşyalarını və əməkdaşlarını yerləşdirmək mümkün oldu. Azərbaycan Dövlət Teatr Muzeyinin tarixində ən əlamətdar köçürülmə 1991-ci ildə baş verdi. Azərbaycanda muzey məqsədilə tikilmiş ilk və yeganə bina – keçmiş V.İ.Lenin Mərkəzi Muzeyin Bakı filialının binası Mədəniyyət Nazirliyinə verildikdən sonra burada "Muzey Mərkəzi" yaradıldı, Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyi və Azərbaycan İstiqlal Muzeyi ilə yanaşı, Dövlət Teatr Muzeyi də bu binada yerləşdirildi. Beləliklə, Azərbaycan teatrının tarixini əks etdirən zəngin ekspozisiya yaradıldı. Hazırda teatrın direktoru Nuridə Nurullayevadır.

Bütün xəbərlər Facebook səhifəmizdə