Bu gün Mədəniyyət və Turizm Nazirliyində 20 xarici ölkəni təmsil edən 30-a yaxın QHT-nin rəhbərləri ilə görüş keçirilib. SİA-nın verdiyi məlumata görə, Azərbaycan Demokratik Tələbə Gənclər Təşkilatının (ADTGT) sədri Asif Əsgərli görüşün məqsədi ilə bağlı məlumat verərək bildirib ki, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə ADTGT "Şuşaya Azadlıq" beynəlxalq kampaniya həyata keçirir. Bu məqsədlə Azərbaycana səfər edən 20 ölkəni təmsil edən QHT-lərin rəhbərləri artıq 4 gündür ki, Bakı şəhərindədir. İndiyə qədər müxtəlif dövlət qurumlarında olan "Şuşaya Azadlıq" beynəlxalq kampaniyasının tərəfdaşları ilə Mədəniyyət və Turizm Nazirliyində belə bir görüşün təşkil olunmasında əsas məqsəd onlara Azərbaycanın işğal altında olan torpaqlarındakı tarix mədəniyyət abidələri ilə daha çox məlumat almasını təmin etməkdir.
Mədəniyyət və Turizm Nazirliyi Aparatının rəhbəri Rafiq Bayramov bildirib ki, Şuşaya azadlıq mövzusu hər bir Azərbaycan vətəndaşı üçün əhəmiyyətli və xüsusi həssas mövzudur. Xarici QHT nümayəndələrinə belə bir kampaniyaya qoşulduqlarına görə təşəkkür edən Rafiq Bayramov Mədəniyyət və Turizm Nazirliyinin hər zaman mədəniyyətlə bağlı layihələrə lazımi dəstəyi verdiyini də diqqətə çatdırıb. Nazirlik rəsmisi Azərbaycanda 3-cü sektorun fəaliyyətinə dövlət səviyyəsində qayğı göstərildiyini, bu məqsədlə Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının yaradıldığını deyib.
Sonra Azərbaycanın turizm potensialı, mədəniyyəti, mətbəxi, ölkədə mövcud olan turizm istirahət mərkəzləri, o cümlədən Şahdağ və Tufandağ haqqında videomaterial nümayiş etdirilib.
Videomaterialın nümayişindən sonra Mədəniyyət və Turizm Nazirliyinin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Vüqar Şixəmmədov qonaqlara Azərbaycanın turizm imkanlarından danışıb, xüsusilə ölkəyə gəlmək istəyən xarici ölkə vətəndaşları üçün tətbiq edilən elektron viza qaydaları haqqında məlumat verib. Şöbə müdiri xarici QHT nümayəndələrinin Azərbaycanda iyun ayında keçiriləcək 1-ci Avropa Oyunlarında iştirak etmək üçün hansı proseduralardan keçməklə bağlı suallarını cavablandırıb.
Qeyd edək ki, sonda qonaqlara Azərbaycanın turizm imkanlarını əks etdirən reklam çap məhsulları təqdim edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB