Bu gün Azərbaycan Turizm və Menecment Universitetində (ATMU ) faşizm üzərində Qələbənin 70 illiyi münasibətilə tədbir keçirilib. SİA-nın verdiyi məlumata görə, tədbirdə ali təhsil ocağının struktur rəhbərləri, inzibati heyətin əməkdaşları və müəllimlər iştirak ediblər.
Azərbaycan Turizm və Menecment Universitetinin (ATMU) rektoru tarix elmləri doktoru, professor Cəfər Cəfərov öz çıxışında 20-ci yüzillikdə baş verən müharibə dəhşətlərini, insan genefonduna vurduğu böyük zərbəni detallı faktlarla isbatlayıb. Rektor C.Cəfərov faşizm üzərində qələbədə Azərbaycan xalqının misilsiz roluna, o cümlədən layiqli oğul və qızlarımızın konkret olaraq 1941-1945-ci illər müharibəsində göstərdiyi rəşadətli döyüş əzminə birmənalı, gerçək mövqedən yanaşmanın vacibliyini xüsusi qeyd edib. "Tarix olub keçənlər deyil, ondan nəticə çıxarmaq üçündür" fikri ilə çıxışını tamamlayıb.
ATMU-nun İctimai fənlər kafedrasının dosenti, tarix elmləri namizədi Məhərrəm Zülfüqarlı isə 1941-1945-ci illər müharibəsində təxminən 700 min nəfərədək azərbaycanlının iştirak etdiyini, onlardan 400 mininin həlak olduğunu diqqətə çatdırıb. Müharibə dövründə Azərbaycanın ən qüdrətli cəbbəxana funksiyası daşıdığını, döyüşən orduya hava-su kimi lazım olan neft və neft məhsullarının 80 faizindən çoxunun Bakı neftçiləri tərəfindən istehsal edildiyini deyib.
ATMU-nun Tədqiqat və inkişaf şöbəsinin müdiri, tarix elmləri doktoru, professor Xaləddin İbrahimli "Azərbaycanlılardan ibarət legion diviziyalarının fəaliyyətinə yeni baxış" mövzusunda məruzəsində qeyd etdi ki, Sovetlər Birliyi dağılandan sonra imkan yarandı ki, alternativ tarixşünaslıq yaransın. 1941-ci ildə Azərbaycan əhalisinin ümumi sayı müvafiq sənədlərə görə 3,4 milyon nəfər olub. Onlardan 681 min nəfəri cəbhəyə göndərilib, 250 min nəfəri həlak olub. Sovet tarixşünaslığı 1942-ci ilə qədər 510 min nəfərin əsir düşdüyünü bildirir. Bunlardan 50 min (əsir ifadələrində 35-40 min)nəfərin azərbaycanlı olduğu göstərilir. Əski legionçulardan Məhəmməd Kəngərli və Kərrar Ələsgərlinin verdiyi bilgiyə görə Azərbaycan legionçularının ümumi sayı təxminən 70 min nəfərə yaxın olub. II Dünya müharibəsində yaradılan milli legionlar bolşevizmlə faşizm arasında qalmışdılar.
Tarixdə elə dönəmlər var ki, böyük hadisələrin iştirakçısı kimi tanınan insanların fəaliyyətlərini birmənalı qiymətləndirmək çox çətin olur.
Faşizm üzərində tarixi qələbənin 70 illiyi münasibətilə keçirilən tədbirə mövzuya dair müzakirələrlə yekun vurulub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB