“Oyuq”çular konsert proqramı hazırlayıblar FOTOLAR

“Oyuq”çular konsert proqramı hazırlayıblar FOTOLAR

Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrı nəzdində fəaliyyət göstərən "Oyuq" teatr-studiyasının balaca istedadları yenidən həmyaşıdlarını sevindirəcək. Belə ki, "Oyuq"çular mayın 7-də Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü, eləcə də Gül bayramı münasibətilə möhtəşəm konsert proqramı hazırlayıblar.

Bakıda fəaliyyət göstərən bir sıra lisey və orta məktəblərin şagirdlərinin iştirak edəcəyi tamaşa-konsert barədə SİA-ya məlumat verən studiyanın pedaqoqu Səidə Haqverdiyeva balacaları sürprizlərin gözlədiyini də dedi: "Hər zaman həmyaşıdlarını öz istedad və bacarıqları ilə təəccübləndirməyi bacaran "Oyuq"çular bu dəfə həm maraqlı tamaşa, həm də yeni musiqi nümunələrindən ibarət rəngarəng konsert və səhnə geyimləri ilə balaca dostlarını təbrik edəcəklər. Konsertin birinci hissəsində "Şahın xudpəsənd oğlu" tamaşasına baxacaqlar. Daha sonra isə geniş konsert proqramı və rəqslər nümayiş olunacaq".

Həmçinin Milli Suverenlik və Uşaq Günü münasibətilə Türkiyədə reallaşan ənənəvi möhtəşəm tədbirdə "Oyuq" studiyası da iştirak edib. Müsahibim səfərin studiya üçün uğurlu məqamlarla yadda qaldığını dedi: "Türkiyə Mədəniyyət Və Turizm Nazirliyi, İstanbulun Bəyoğlu Bələdiyyəsinin dəvəti ilə baş tutan səfərimiz maraqlı oldu. Minlərlə tamaşaçının izlədiyi rəngarəng konsert proqramında "Nağıl çələngi" adlı tamaşa-konsertlə çıxış etdik. Şəhərin müxtəlif məkanlarında baş tutan konsertlərdə böyük hərarətlə qarşılandıq. Aylin Nəcəfli, Tunar İsa, Selcan Musayeva və Nazim Hacıyev türkiyəli yaşıdları qarşısında Tıq-tıq xanım, Cırtdan, Gəlincik və Ələddin kimi məşhur nağıl qəhrəmanlarının obrazlarını canlandırdılar. Balacaların çıxışları alqışlarla qarşılandı, xeyli sayda insan uşaqlara yaxınlaşaraq onlara xoş sözlərini dedi, canlandırdıqları nağıl qəhrəmanları ilə maraqlandılar".

Səfər müddətində türkiyəli qardaşlarımızdan xoş münasibət, böyük sevgi və qonaqpərvərlik gördüklərini deyən S.Haqverdiyeva növbəti ildə baş tutacaq ənənəvi tədbirə yenidən dəvət aldıqlarını da bildirib: "Müxtəlif ölkələrdən xeyli sayda uşağın qatıldığı tədbir müddətində özümüzə qarşı başqa bir sevgi və səmimiyyətin şahidi oldum. İstər bələdiyyə başçısı Ahmet Misbah Demircan, istərsə də əməkdaşları Mustafa Erdem, Adil Cem Özçakır, Şeyma Kurt, Deniz Özlem Doğan balacalarımızı sevgi, səmimiyyət, qayğı ilə əhatə etdilər. Buna görə balacalar adından onlara bir daha minnətdarlığımı bildirirəm".

Qeyd edək ki, Səidə Haqverdiyeva studiya üzvlərindən iki azyaşlının Bolqarıstan və Belarusda baş tutacaq beynəlxalq uşaq musiqi və teatr festivallarına dəvət aldıqlarını da bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə