Aqşin Əlizadənin əsərləri səsləndirilib

Aqşin Əlizadənin əsərləri səsləndirilib

Azərbaycan Bəstəkarlar İttifaqının Ü.Hacıbəyli adına Konsert Salonunda görkəmli bəstəkar, xalq artisti, Dövlət mükafatı laureatı, "Şöhrət" və "Şərəf" ordenli Aqşin Əlizadənin xatirəsinə həsr olunmuş konsert keçirilib. SİA-nın verdiyi məlumata görə, əvvəlcə Azərbaycan Bəstəkarlar İttifaqının "Bakı-Simfonietta" Orkestrinin ifasında "Çəngi" çalınıb. Orkestrin bədii rəhbəri və dirijoru beynəlxalq müsabiqələr laureatı Cavad Tağızadədir.

Sonra əməkdar artist Nərgiz Əliyarova pianoda orkestrin müşayiəti ilə A.Əlizadənin "Hüzn valsı"nı ifa edib.

Konsertdə beynəlxalq müsabiqə laureatlar - Samir Əsədov (violin) və Zakir Əsədov (piano) bəstəkarın "Portret" əsərini ifa ediblər. Beynəlxalq müsabiqə laureatı Fəqan Həsənli pianoda A.Əlizadənin "Dastan" əsərini səsləndirib.

Sonda Azərbaycan Televiziyası və Radiosunun C.Cahangirov adına xoru bəstəkarın yazdığı "Bayatılar" silsiləsindən "Dağlarda", "Ağ alma", "Al çuxa" xalq mahnılarını və xalq şairi Bəxtiyar Vahabzadənin "Ana torpaq" şerinə A.Əlizadənin bəstələdiyi eyniadlı kantatanı səsləndirib. Xorun bədii rəhbəri və dirijoru Şəhla Ələkbərova, konsertmeysteri Aytən Babayevadır.

Bütün xəbərlər Facebook səhifəmizdə