Azərbaycan Respublikası mədəniyyət və turizm nazirinin müavini Nazim Səmədov Azərbaycan Respublikasının İsveçrədəki Səfiri Əkrəm Zeynallının rəhbərliyi ilə İsveçrədə akkreditə olunmuş xarici ölkə səfirlərindən ibarət nümayəndə heyətini qəbul edib. SİA-nın verdiyi məlumata görə, nümayəndə heyətinin tərkibi Yaponiya, Vyetnam, Albaniya, Monteneqro, Yunanıstan, Xorvatiya, Macarıstan, Gürcüstan və Pakistanın İsveçrədə akkreditə olunmuş səfirlərindən ibarət idi.
İlk olaraq səfirlərə Azərbaycanın mədəniyyət və turizm potensialı haqqında qısa film nümayiş etdirildi.
Daha sonra nazir müavini Nazim Səmədov səfirlər ilə təmsil etdikləri ölkələrlə Azərbaycan arasında mədəniyyət və turizm sahəsində əlaqələrin genişləndirilməsi istiqamətində müzakirələr apardı. N.Səmədov qonaqlara ölkəmizin mədəniyyət və turizm obyektləri, qeyd edilən sahələrdə informasiya texnologiyalarının tətbiqi, ölkəmizin qədim tarixi barədə məlumat verdi. Nazir müavini Azərbaycanın tolerantlıq məkanı olduğunu, xalqımızın isə qonaqpərvərliyinin qədim tarixi ənənələrə söykəndiyini vurğulayıb.
Tədbirdə qonaqlara 18 - 19 may 2015-ci il tarixində Bakıda keçirilməsi nəzərdə tutulan 3-cü Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu haqqında geniş məlumat verilib, 100-dən çox ölkədən 600-ə yaxın iştirakçının tədbirə qatılacağı qeyd edilib.
Nazir müavini N.Səmədov səfirlərin Azərbaycan ilə bağlı təəssüratları, həmçinin ölkələrimiz arasında əməkdaşlığın daha da intensivləşdirilməsinə dair fikirləri ilə maraqlandı.
Sonda qonaqlar qəbula görə nazir müavini N.Səmədova təşəkkür etdilər, Azərbaycan ilə mədəniyyət və turizm sahələrində əlaqələrin bundan sonra daha da genişləndirilməsində ölkələrinin maraqlı olduqlarını ifadə ediblər.


Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB