“Xalqların adət-ənənələri və milli yeməkləri” FOTOLAR

“Xalqların adət-ənənələri və milli yeməkləri” FOTOLAR

Daşkəndə keçirilən "Xalqların adət-ənənələri və milli yeməkləri" mövzusunda xeyriyyə festivalında Azərbaycanın Özbəkistandakı Səfirliyi və Səfirliyin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi ölkəmizi təmsil ediblər. SİA-nın verdiyi məlumata görə, Özbəkistanda fəaliyyət göstərən 50-dən çox səfirlik və diplomatik nümayəndəliklərin iştirak etdiyi Festivalı Özbəkistanın Xarici İşlər Nazirliyi və onun Diplomatik Servis Xidməti tərəfindən təşkil edilib.

Özbəkistanda fəaliyyət göstərən səfirliklər və beynəlxalq təşkilatlar festivalda öz xalqlarının adət-ənənələrini nümayiş etdirmiş, qonaqlara öz milli yeməklərini və şirniyyatlarını təklif ediblər.

Qeyd edək ki, festivalda milli yeməklərin satışından əldə olunan gəlir xeyriyyə məqsədi ilə Özbəkistandakı uşaq evlərinə əvəzsiz olaraq veriləcək.

Tədbirdə Azərbaycanın Özbəkistan Respublikasındakı Səfiri Hüseyn Quliyev, Azərbaycan Səfirliyi, onun Mədəniyyət Mərkəzi, habelə Daşkənddəki azərbaycanlılar fəal iştirak ediblər.

Azərbaycan Səfirliyi və Səfirliyin nəzdindəki Heydər Əliyev adına Mədəniyyət Mərkəzi builki festivalda iştirakını Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 92-ci ildönümünə həsr ediblər.

Qonaqlara milli xörəklərimiz-dolma, plov, dovğa, kükü, müxtəlif kabablar, həmçinin şirniyyatlarımızdan şəkərbura, paxlava və s. təklif olunmuşdur. Azərbaycan yeməklərinə festival iştirakçıları ən böyük maraq göstərmiş və sifariş verdiyi milli mətbəx nümunəsi olub.

Tədbir çərçivəsində Festivalın Təşkilat Komitəsinə, Özbəkistandakı xarici ölkələrin səfirlərinə Azərbaycan yeməkləri və şirniyyatları ilə ziyafət verilib.

Azərbaycan üçün ayrılmış guşədə ölkəmizin bayrağı asılmış, xalqımızın milli musiqi alətləri, suvenirlər və həmçinin milli məişət əşyaları nümayiş etdirilmişdir. Guşədə Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyəti ilə bağlı müxtəlif kitab və albomlar, Azərbaycanın tarixi, ədəbiyyatı, mədəniyyəti, milli mətbəxi ilə əlaqədar nəşrlər, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə dair kitablar nümayiş etdirilib.

Festival dünya xalqlarının mahnı və rəqslərindən ibarət konsert proqramı ilə davam etmişdir. Azərbaycan Mədəniyyət Mərkəzinin nəzdindəki "Azərbaycan qızları" uşaq rəqs ansamblının üzvləri milli rəqslərimizi ifa ediblər.

Sonda festivalın münsiflər heyəti iştirakçıları mükafatlandırmış, Azərbaycanın Özbəkistandakı Səfirliyi və onun Mədəniyyət Mərkəzi xüsusi fərqlənmə diplomuna layiq görülüb. Festival yerli KİV-lərdə geniş işıqlandırılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə