Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin nəzdində ölkəmizdə işgüzar turizmin inkişafı üzrə strategiyanın həyata keçirilməsi məqsədi ilə yaradılan Azərbaycan Konqreslər Bürosunun üzvlərinin sayı getdikcə artmaqdadır. SİA-nın verdiyi məlumata görə, Azərbaycanın turizm bazarının aparıcı iştirakçılarını bir araya gətirən Büronun üzvləri sırasına "Geo Travel" səyahət şirkəti qoşulub.
Yapon Səyahət Agentlikləri Assosiasiyası (JATA) və Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyasının (IATA) üzvü olan "Geo Travel", cari ilin aprel ayından büronun Gümüş Üzvləri sırasına daxil olub. Beləliklə, Büronun üzvlərinin sayı 25 çatıb.
Büro ilə əməkdaşlıqla bağlı gözləntilərindən danışan "Geo Travel"-in nümayəndəsi qurulan əlaqələrdən məmnunluq ifadə edərək bildirib ki, belə bir uğurlu əməkdaşlıq öz növbəsində Azərbaycanda biznes turizm bazarının inkişafına dəstək olacaq.
O bildirib ki, zəngin tarixi, mədəniyyəti və təbii sərvətləri olan Azərbaycanda, turistlərə həmçinin işgüzar qonaqlara təklif etməyə yeniliklər və səyahəti unudulmaz etmək üçün bütün vasitələr var.
Səyahət təşkili sahəsində geniş təcrübəyə malik olan "Geo Travel", dünyanın 45 ölkəsində turlar təşkil edir və xüsusi proqramlar həyata keçirir ki, bura xaricdə təlim və tibbi müalicə, ezamiyyət və biznes seminarları, mədəni və əyləncə tədbirlərinin təşkili aiddir.
"Geo Travel" ölkə daxilində daha çox mədəni və macəra turlarının təşkili ilə məşğuldur. Buna əlavə olaraq, ovçuluq, balıqçılıq, alpinizm, atçılıq turları, və eyni zamanda etnoqrafik, dini - həcc, qastronomiya və şərab turlarını da təklif edir.
2013-cü ilin sonlarından fəaliyyətə başlayan Azərbaycan Konqreslər Bürosunun fəaliyyət sahəsinə Azərbaycana irimiqyaslı beynəlxalq tədbirlərin cəlb edilməsi, Azərbaycanı beynəlxalq tədbirlərin keçirilməsi üçün inkişaf edən məkan kimi təbliğ və təqdim etmək, beynəlxalq tədbirlərdə iştirak və s. bu kimi biznes əhəmiyyətli işlər daxildir.
Büro dünyanın müxtəlif ölkələri ilə işləyir, hədəf bazarlarla yaxın əlaqə qurur, bazar iştirakçılarını ölkəyə cəlb etmək və Görüşlər Sənayesi bazarı iştirakçıları ilə əməkdaşlıq etmək üçün beynəlxalq konqres və seminarlarda iştirak edir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB