Tarix-mədəniyyət abidələrinin mühafizəsi müzakirə edildi

Tarix-mədəniyyət abidələrinin mühafizəsi müzakirə edildi

Bu gün Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin şəhər və rayon Mədəniyyət və Turizm İdarələrinin (şöbələrinin) rəhbərləri və tarix və mədəniyyət abidələrinin qorunması sahəsində fəaliyyət göstərən abidə mühafizəçiləri ilə görüşü keçirilib. SİA-nın verdiyi məlumata görə, görüşdə əsas məqsəd Azərbaycan Respublikası Prezidentinin 18 dekabr 2014-cü il tarixli Fərmanı ilə Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin yaradılması barədə tədbir iştirakçılarını məlumatlandırmaq və abidə mühafizəçilərinin bu istiqamətdə fəaliyyətini artırmadır.

Tədbir Prezidentin 27 dekabr 2013-cü il tarixli Sərəncamı ilə təsdiqlənmiş "Daşınmaz tarix və mədəniyyət abidələrini bərpası, qorunması, tarix və mədəniyyət qoruqlarının fəaliyyətinin təkmilləşdirilməsi və inkişafı dair 2014-2020-ci illər üzrə Dövlət Proqramı"nın icrası ilə əlaqədar işlərin həyata keçirilməsini ən yüksək səviyyədə təmin edilməsi məqsədini güdür.

Görüşdə mədəniyyət və turizm naziri Əbülfəs Qarayev çıxış edərək bildirib ki, Azərbaycanda son vaxtlar mədəniyyət və turizm Nazirliyinin daxilində müəyyən islahatlar aparılıb. Prezidentin tapşırığına uyğun olaraq hər ay regionlarda vətəndaşlarla qəbul keçirilir və qəbul zamanı çox dəyərli və maraqlı tövsiyələr, ciddi məsələlər qaldırılır: "Bu görüşlərdə hazırda auditoriyada oturan insanların fəaliyyəti ilə əlaqədar olan məsələlər tez-tez qaldırılır. Söhbət Azərbaycan tarixi abidələrinin, mədəni irsinin qorunmasından gedir. Prezidentin 27 dekabr 2013-cü il tarixli Sərəncamı ilə təsdiqlənmiş "Daşınmaz tarix və mədəniyyət abidələrini bərpası, qorunması, tarix və mədəniyyət qoruqlarının fəaliyyətinin təkmilləşdirilməsi və inkişafı dair 2014-2020-ci illər üzrə Dövlət Proqramı"nı bütün cəmiyyətimizin fəaliyyətinin istiqamətlərini müəyyənləşdirən proqrama çevrilib. Bu proqramda mədəniyyət sahəsində ən mühüm vəzifə kimi Azərbaycan xalqının əsrlər boyu yaratdığı mədəni irsin, adət-ənənələrin, mədəniyyəti əks etdirən bütün sahələrin geniş təbliği, mühafizəsi vəzifəsi tapşırılıb. Bu o deməkdir ki, bu gün biz nə qədər müasirliyə, qloballaşmaya, geniş beynəlxalq təcrübəyə yiyələnməyə çalışırıqsa, bu işlərin görülməsi yalnız və yalnız bizim xalqımıza xas olan böyük bir mirasın və tarixi keçmişimizin qorunmasından ibarətdir. Sovet dövründə bu mövzu Sovet İttifaqının çərçivəsində müxtəlif dövlət qurumları vasitəsilə həyata keçirilirdi. Sonralar birbaşa Mədəniyyət Nazirliyinə aid olub. Nazirlik həm bərpa, həm nəzarət komitəsinin, həm də digər qanunvericilikdə nəzərdə tutulan funksiyaları yerinə yetirib. Prezidentin bu işlərə verdiyi dəstək nəticəsində son illər Mədəniyyət və Turizm Nazirliyi sahəsində kifayət qədər dəyərli işlər görülüb. Onların sırasında sözsüz ki, tarixi abidələrin qorunması, onların bərpası, yenidən qurulması məsələsi durur. Prezidentin çox müdrik və uzaqgörən qərarı əsasında İçərişəhər xüsusi idarəetmə funksiyasına nail olub və bu qurum İçərişəhərin YUNESCO-nun təhlükə altında olan tarixi-memarlıq abidələrinin siyahısından çıxarmağa nail olub. Təəssüflər olsun ki, sovet dövründə beynəlmillik adı altında bizim tarixi abidələrimizin bərpasına, yenidən qurulmasına və digər məsələlərə başqa millətlərin, o cümlədən bədnam qonşularımızın nümayəndələri cəlb olunması öz növbəsində bu işin gedişinə müəyyən təsir göstərib. Bu gün Azərbaycan dövləti o dövrdə buraxılmış səhvləri düzəldir, Azərbaycan tarixinin bərpasında lazımi işlər görür. Düşünürəm ki, bu günkü görüşdə kifayət qədər aydın məqsədlərimizi müəyyənləşdirməliyik. Müəyyən çətinliklərdən qorxmadan bu istiqamətdə getməliyik. Onu da deyim ki, ötən il nazirlikdə yeni struktur islahatları aparıldı".

Daha sonra Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Zakir Sultanov çıxış edərək rəhbərlik etdiyi qurumun fəaliyyəti haqqında məruzə edib.

Qeyd edək ki, Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev görüşə yekun vuraraq mövcud problemlərin həlli ilə bağlı tapşırıq və tövsiyələrini verdi.

Bütün xəbərlər Facebook səhifəmizdə