“Beynəlxalq rəqs günü” bölgələrdə qeyd edilib

“Beynəlxalq rəqs günü” bölgələrdə qeyd edilib

Zaqatala Rayon Mədəniyyət və Turizm Şöbəsinin təşkilatçılığı ilə "Beynəlxalq rəqs günü" münasibətilə Mədəniyyət evində özfəaliyyət rəqs kollektivlərinin baxış müsabiqəsi keçirilib. SİA-nın verdiyi məlumata görə, müsabiqənin keçirilməsində məqsəd Azərbaycan xalqının milli dəyərlərini qoruyub saxlamaq, mədəniyyət müəssisələrinin fəaliyyətini canlandırmaq, yeni rəqs kollektivlərinin yaradılmasını təmin etmək, onların ifaçılıq səviyyəsini gücləndirməkdir.

Müsabiqədə rayon Mədəniyyət evinin, Beretbinə, Kəpənəkçi, Qandax, Əlibayramlı, Höytala, Yuxarı Tala, Uzunqazmalar, Car, Göyəm, Əliabad, Qımır, Çobankol, Suvagil, Yengiyan, Mazıx, Uzun Tala kənd mədəniyyət evi və klublarının özfəaliyyət rəqs kollektivləri iştirak ediblər. Münsiflər heyətinin qərarı ilə qaliblərə mükafat və diplomlar təqdim olunub.

Aprelin 29-da S.Vurğun adına Qax rayon Mədəniyyət evində "Beynəlxalq rəqs günü" ilə bağlı konsert təşkil olunub. Əvvəlcə səhnəyə rayonun uşaq bağçaları, körpələr evlərinin balaca fidanları çıxaraq tədbirə xüsusi ahəng qatıblar. Sonra uşaq incəsənət məktəbinin xoreoqrafiya şöbəsinin şagirdləri şux, zərif rəqsləri ilə səhnəni paylaşıblar.

Qum, Qaxbaş, Qaxingiloy, Əlibəyli kənd mədəniyyət evlərinin, Alatəmir kənd klubunun rəqs kollektivləri tərəfindən Azərbaycanın milli xalq rəqsləri və dünya xalqlarının rəqs nümunələri məharətlə ifa olunub. Tədbirdə mədəni sərvətimiz olan rəqslərimizin tarixindən, bu gözəl sənətin sehrindən də söhbət açılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə