Nazir Fəxri adları təqdim etdi

Bu gün Muzey Mərkəzində Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamları ilə təltif olunmuş mədəniyyət və incəsənət xadimlərinə mükafatların təqdim olunması mərasimi keçirilib. SİA-nın verdiyi məlumata görə, mərasimdə çıxış edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev ölkəmizdə mədəniyyətin və incəsənətin inkişafında xidmətləri olan şəxslərə dövlət qayğısından söhbət açmış, onların əməyinə verilən qiymətin yaradıcılıq prosesinə müsbət təsir göstərdiyini söyləyib: "Ölkəmizdə mədəniyyət və incəsənət xadimlərinə diqqət və qayğının təməli ulu öndər Heydər Əliyev tərəfindən qoyulub. Bu ənənənin hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Azərbaycan mədəniyyətinin dünyada tanıdılması və təbliği istiqamətində Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın xidmətlərini xüsusi vurğulamaq lazımdır. Məhz Mehriban xanım Əliyevanın təşəbbüsü ilə mədəniyyət incilərimiz YUNESCO-nun irs siyahısına daxil edilib".

Sonra Prezidentin müvafiq Sərəncamları ilə təltif olunmuş "Dövlət qulluğunda fərqlənməyə görə medalı", "Xalq artisti", "Əməkdar artist", "Əməkdar mədəniyyət xadimi", "Əməkdar mədəniyyət işçisi" fəxri adları, "Azərbaycan Respublikası Prezidentinin Fəxri diplomu", həmçinin Mədəniyyət və Turizm Nazirliyinin "Fəxri Mədəniyyət İşçisi" döş nişanı sahiblərinə təqdim edilib.

Qeyd edək ki, təltif olunanlar yaradıcılıqlarına verilən yüksək qiymətə və diqqətə görə Prezident İlham Əliyevə dərin minnətdarlıqlarını bildiriblər.

Bütün xəbərlər Facebook səhifəmizdə