Bu gün dünyada Beynəlxalq Caz Günü kimi qeyd edilir. SİA-nın verdiyi məlumata görə, cazın universal azadlıq və yaradıcılıq dili kimi xüsusi rolunun tanınması əlaməti olaraq 2011-ci il 30 aprel Beynəlxalq Caz Günü YUNESCO-nun Baş konfransı tərəfindən elan edilib.
YUNESCO-nun baş direktoru İrina Bokova bu məsələ ilə bağlı müraciətində vurğulayıb ki, Birləşmiş Ştatlarda yaranan caz bu gün bütün dünyaya məxsusdur.
İrina Bokova demişdir: "Kökləri Afrika ənənələrinə gedib çıxan, Avropanın musiqi əsərlərinə söykənən caz dünyanın bütün mədəniyyətlərində yeni formalar kəsb etmişdir. Dünyanın musiqi müxtəlifliyinin böyük hissəsini özündə birləşdirən caz sərhədləri asanlıqla aşıb insanları birləşdirir".
Ölkəmizdə də cazı sevirlər. Dünyada Azərbaycan cazının özünə məxsusi yeri var. Amerika cazı və muğam musiqisi üzərində qurulan Azərbaycan cazının bünövrəsi 30-cu illərin sonunda Niyazi və Tofiq Quliyevin yaratdığı "Dövlət Cazı" adı ilə tanınan Dövlət estrada Orkestri tərəfindən qoyulub.
Böyük Vətən Müharibəsi qurtarandan sonra "Dövlət cazı"nın rəhbəri Rauf Hacıyev olub. Amma 1950-60-cı illərdə Sovet Sosialist Respublikası İttifaqının (SSRİ) Qərb əleyhinə yönəlmiş təbliğat maşını ölkədə bu musiqi janrının inkişafına güclü ziyan vurdu. Ancaq bütün qadağalara baxmayaraq, bu musiqinin fanatları bir yerə toplaşır, Qərb radiostansiyalarını dinləyir, sonra isə eşitdikləri musiqi parçalarını müstəqil surətdə ifa etməyə cəhd edirdilər.
1950-ci illərə qədər Azərbaycan caz ifaçılığında ən önəmli yerlərdən birini saksafonçu, cazmen Pərviz Rüstəmbəyov olmuşdur. "Sovet Benni Qudmeni" adlandırılan P. Rüstəmbəyov əvvəlcə "Krasnıy Vostok" (indiki "Azərbaycan") kinoteatrında, sonralar isə "Nizami" kinoteatrında öz caz orkestrini yaradıb.
Ötən əsrin 60-cı illərində Qara Qarayev, Niyazi, Tofiq Quliyev və Rauf Hacıyevin dəstəyi və rəhbərliyi ilə Azərbaycanda estrada və caz musiqisinin ikinci həyatı başlanır. "Qaya", Rafiq Babayevin kvarteti yaranır və nəhayət, Vaqif Mustafazadə dövrü başlanır. Dünyada lirik cazın banisi sayılan Vaqif Mustafazadə ilk dəfə Gürcüstanda -Tbilisi Dövlət Filarmoniyasında (TDF) "Qafqaz" caz-triosunu təşkil etmişdir. O, ilk "Leyli" qadın kvartetini təşkil edib, "Sevil" vokal-instrumental ansamblı və "Muğam" instrumental ansamblına rəhbərlik edib.
Vaqif Mustafazadə Şərq muğamını qərb dinləyicisi üçün anlaşılan dildə - yəni caz dilində təqdim edirdi. İmprovizasiyanın azad xüsusiyyəti muğamla caz əlaqələrinin əsas hissəsinə çevrilib. Vaqif Mustafazadə bunu çox gözəl dərk edirdi və 60-cı illərin əvvəllərində musiqidə yeni axın - caz-muğam axınını yaradıb. Özündən sonra onun yolunu hal-hazırda qızı Əzizə Mustafazədə davam etdirir.
Böyük təməllər üzərində qurulmuş Azərbaycan cazı indi gənc ifaçıların timsalında da inkişaf edir. Montreyö caz festivalının qalibi İsfar Sarabskinin adını çəkmək yetərlidir ki, Azərbaycanda caz ənənəsinin necə yaşadığının şahidi olasan. Həmçinin, Rain Sultanov, Salman Qənbərov, Emil Əfrasiyaboğlu, Şahin Növrəsli kimi tanınmış ifaçılar bu ənənəni davam etdirir.
2009-cu ildən Azərbaycanda keçirilən "Bakı Caz Festival"ı (BCF), Bakıda fəaliyyət göstərən "Baku Jazz Center" ölkəmizdə cazın inkişafına öz töhfəsini verir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB