Lənkəran teatrı rayonun mədəniyyət müəssisələrinə hamilik edəcək
Nəcəf bəy Vəzirov adına Lənkəran Dövlət Dram Teatrında rayonun mədəniyyət işçilərinin iştirakı ilə seminar-müşavirə keçirilib. SİA-nın məlumatına görə, teatrın direktoru Tofiq Heydərov, respublikanın əməkdar artisti Təvəkkül Əliyev, rayon Mədəniyyət və Turizm Şöbəsinin baş məsləhətçisi Ilqar Əzimov və digərləri çıxış edərək Bakıda I Avropa Oyunlarının keçirilməsi ilə əlaqədar mədəniyyət işçilərinin qarşısında duran vəzifələrdən söz açıblar. Bildirilib ki, Bakıda artıq I Avropa Oyunlarının məşəli alovlandırılıb. Bu münasibətlə keçirilən mərasimdə Azərbaycan Prezidenti cənab İlham Əliyev, xanımı, birinci Avropa Oyunları Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva, ailə üzvləri və Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikki iştirak ediblər. Olimpiya məşəli iyunun 6-na qədər Azərbaycanın 15 bölgəsindən, o cümlədən Lənkərandan da keçəcək. Estafetə 1000 nəfərdən çox məşəlçi cəlb olunub, hər regionda "Alov festivalı"nın keçirilməsi nəzərdə tutulub. Bununla əlaqədar şəhərimizin Heydər Əliyev xatirə parkında möhtəşəm tədbir düzənlənəcək. Tədbirdə respublikanın tanınmış sənətçiləri maraqlı konsert proqramı ilə çıxış edəcəklər. Rayonun bütün mədəni-maarif müəssisələrinin, o cümlədən Dövlət Dram Teatrının kollektivləri festivalda fəal iştirak etməlidirlər.
Seminarda həmçinin teatrın rayonun klub və mədəniyyət evlərinə hamilik köməyindən də söz açılıb. Teatrın ditektoru Tofiq Heydərov rəhbərlik etdiyi yaradıcı kollektivin mədəniyyət müəssisələruində konsert-tamaşa proqramlarının hazırlanmasında hər hansı hamilik köməyinin göstərilməsinə hazır olduğunu bildirib.
Bu fikir mədəniyyət işçiləri tərəfindən razılıqla qarşılanıb.
Seminar-müşavirədən sonra teatrın truppası Sultan Məcid Qənizadənin "Xor- xor" vodevili əsasında səhnələşdirilmiş səhnə əsərini təqdim edib. Maraqla izlənilən tamaşanın quruluşçu rejissoru, əkdar artist Təvəkkül Əliyev, quruluşçu rəssamı Tərlan Sadıqov, musiqi tərtibatçısı Fərahim Fərəcovdur. Rolları aktyorlardan Niftulla Əsgərov, Hikmət Cəfərov, Emin Fərzullayev, Gülər Kərimova, Əli Rəhimli və Ülkər Quliyeva ifa ediblər.
Sərraf Mirsəfəroğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB