Elmi əməkdaşlıq şəbəkəsi genişlənir

Elmi əməkdaşlıq şəbəkəsi genişlənir

Mədəniyyət müəssisələri əməkdaşlarının peşə səriştələrin artırılması və qabaqcıl təcrübənin mənimsənilməsi Mədəniyyət və Turizm Nazirliyinin həyata keçirdiyi mədəniyyət siyasətinin qarşısında duran strateji hədəflərdəndir. Bu məqsədlə Nazirlik tərəfindən müxtəlif xarakterli tədbirlər mütəmadi olaraq həyata keçirilir. Qabaqcıl təcrübənin mənimsənilməsi məqsədilə mədəniyyətin və incəsənətin bütün sahələri üzrə yüksək ixtisaslı kadrların hazırlanması ilə məşğul olan xarici tanınmış elmi və ali təhsil müəssisələri ilə əməkdaşlıq əlaqələri daim genişlənməkdədir.

Belə ki, Qazax Milli İncəsənət Akademiyası ilə əməkdaşlıq əlaqələrinin yaradılması, habelə akademiya tərəfindən təşkil olunan mədəniyyət siyasəti üzrə beynəlxalq elmi ustad-sinifləri çərçivəsində "Müasir çağırışlar və mədəniyyət siyasəti: Azərbaycan təcrübəsi" mövzusunda mühazirələrin aparılması məqsədilə Nazirliyin Elm, təhsil və gənclərlə iş şöbəsinin Elm sektorunun müdiri Asif Usubəliyev 21-25 aprel 2015-ci il tarixində Almatı şəhərinə ezam olunmuşdur.

Səfər zamanı sertifikat xarakterli treninqlərin aparılması ilə yanaşı Nazirliyin nümayəndəsi Qazax Milli İncəsənət Akademiyasının rəhbərliyi ilə apardığı danışıqlar nəticəsində sözügedən müəssisənin Nazirliyin sistemində fəaliyyət göstərən Respublika Mədəniyyət Müəssisələri Hazırlıq və İxtisasartırma Mərkəzi ilə əməkdaşlıq müqaviləsinin imzalanmasına dair razılıq əldə olunmuşdur. Əməkdaşlıq çərçivəsində birgə tədbirlərin həyata keçirilməsi, qarşılıqlı təcrübə mübadiləsi və xüsusi olaraq Akademiyanın xarici tərəfdaşları olan Avropanın nüfuzlu ali məktəblərinin nümayəndələri tərəfindən müxtəlif mövzulara həsr olunmuş təlimlərin Azərbaycanda təşkili nəzərdə tutulur.

Bildirməliyik ki, Respublika Mədəniyyət Müəssisələri Hazırlıq və İxtisasartırma Mərkəzinin Minsk Dövlət İncəsənət və Mədəniyyət Universiteti ilə imzalanmış analoji müqaviləyə əsasən qarşılıqlı təcrübə səfərləri ilə yanaşı bu günə qədər 30 nəfərdən artıq müxtəlif ixtisaslı mədəniyyət işçisi Minskdə təşkil olunmuş xüsusi sertifikat xarakterli kurslarda iştirak etmiş və müxtəlif diplomlara layiq görülmüşlər.

Xüsusi olaraq vurğulanmalıdır ki, Nazirliyin təşəbbüsü ilə genişlənən beynəlxalq elmi əməkdaşlıq şəbəkəsi sayəsində xarici ölkələrdə təşkil olunan kurslara əsas etibarilə respublikamızın regionlarında fəaliyyət göstərən mədəniyyət müəssisələrin əməkdaşları ezam olunur. Bu fakt Nazirliyin eyni zamanda regionların da inkişafına yönəldilmiş diqqətinin təcəssümüdür.

Bütün xəbərlər Facebook səhifəmizdə