İsveçrə Konfederasiyasının Lüsern şəhərində Mədəniyyət və Turizm Nazirliyinin qonaq qismində iştirak etdiyi 4-cü "Lüsern Dünya Turizm Forumu" başa çatıb. SİA-nın verdiyi məlumata görə, forum çərçivəsində müxtəlif mövzularda seminarlar, dəyirmi masalar keçirilmiş, müzakirələr aparılmış və yerli turizm şirkətləri ilə dünyanın müxtəlif ölkələrinin aparıcı turizm şirkətləri arasında biznes görüşlər (B2B) təşkil olunub.
Forumun ikinci günü Azərbaycanın turizm potensialına dair keçirilən təqdimatda videoçarx nümayiş olunub.
Videoçarxda Azərbaycanın tarixi, təbiəti və mədəniyyəti, turizm imkanları təqdim olunub. Həmçinin, Şahdağ Turizm Mərkəzi, Tufandağ Qış-Yay Turizm Kompleksi və ölkəmizdə keçiriləcək I Avropa Oyunları haqqında məlumatlar da videoçarxda öz əksini tapıb.
Tədbirin sonunda "Gənc istedadlar" proqramı çərçivəsində turizm sahəsində maraqlı layihələr təqdim edən gənclər və "Yeni start verilən innovasiyalar" proqramı çərçivəsində turizm sektoruna yeni qədəm qoymuş şirkətlər mükafatlara layiq görülüb.
Forumda Azərbaycanın turizm potensialının təbliği məqsədilə quraşdırılmış stend forum iştirakçıları tərəfindən xüsusi marağa səbəb olmuş və burada iştirakçılara reklam-çap məhsulları təqdim olunub.
Azərbaycan qonaq ölkə statusu, xüsusi milli mətbəxi və təqdimatı ilə forum iştirakçılarının böyük marağına səbəb olub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB