İsveçrə Konfederasiyasının Lüsern şəhərində Mədəniyyət və Turizm Nazirliyinin tərəfdaş qismində iştirak etdiyi 4-cü "Lüsern Dünya Turizm Forumu"nda mədəniyyət və turizm nazirinin müavini Nazim Səmədovun rəhbərlik etdiyi nümayəndə heyəti iştirak edir. SİA-nın verdiyi məlumata görə, nümayəndə heyətinin tərkibinə Azərbaycan Turizm və Menecment Universitetinin rektoru Cəfər Cəfərov, Azərbaycan Turizm Assosiasiyasının sədri Nahid Bağırov, Gilan Turizm və Silk Way Turizm şirkətlərinin nümayəndələri daxildir. Həmçinin, sözügedən forumda Azərbaycanın Respublikasının İsveçrə Konfederasiyasındakı fövqəladə və səlahiyyətli səfiri Əkrəm Zeynallı iştirak edir.
Forumda Azərbaycanda turizmin inkişafına dair təqdimatın keçirilməsi və video çarxların nümayişi nəzərdə tutulub.
Hər il dünyanın müxtəlif ölkələrindən çoxsaylı nümayəndələrin iştirak etdiyi layihənin 2015-ci il üzrə qonaq ölkəsi Azərbaycan Respublikasıdır. Özünün əhatə dairəsinə, mövzu və konsepsiyasına görə dünyada mötəbər layihə hesab olunan Forumda ölkəmizin qonaq qismində iştirakı, onun zəngin irsinin və turizm potensialının daha da geniş tanıdılmasına imkan yaradır.
Tədbirdə Azərbaycanın turizm potensialının təbliği məqsədilə 24 kv.m. sahədə ölkəmizə məxsus stend qurulmuş və reklam-çap məhsulları yerləşdirilmişdir. Eyni zamanda, forumun ilk günü yerli aşpazlar tərəfindən Azərbaycanın milli mətbəxinin nümayiş olunması üçün milli yeməklərdən ibarət işgüzar nahar təşkil olunacaqdır.
Bildiririk ki, Nazirliyin tərəfdaş qismində iştirakı ilə bağlı Azərbaycan turizminin loqosu tədbirin bütün reklam-çap məhsullarında, forumun təşkil olunduğu mərkəzin girişindəki banerlərdə əks olunub.
Forum çərçivəsində müxtəlif mövzularda seminarların keçirilməsi, yerli turizm şirkətləri ilə İsveçrənin aparıcı turizm şirkətləri arasında biznes görüşlərinin (B2B) təşkili nəzərdə tutulub.
Forumda BM Ümumdünya Turizm Təşkilatının Baş katibi Taleh Rifai, o cümlədən 60 ölkədən 400-dən çox turizm sahəsində fəaliyyət göstərən rəhbər şəxslər, mütəxəssislər və icraedicilər iştirak edir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB