Xəbər verdiyimiz kimi, Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı Təhsil Nazirliyi ilə birgə "Məktəb və teatr" adlı layihə həyata keçirir. SİA-nın verdiyi məlumata görə, "Məktəb və teatr" layihəsi çərçivəsində növbəti tədbir isə Yasamal rayonundakı 53 nömrəli orta ümumtəhsil məktəbində reallaşıb.
53 nömrəli məktəbdə Akademik Milli Dram Teatrının ən yeni tamaşalarından olan xalq yazıçısı İlyas Əfəndiyevin eyniadlı əsəri əsasında hazırlanmış "Mənim günahım" tamaşasının yaradıcı heyəti ilə görüş keçirilib.
Görüşün əvvəlində 53 nömrəli məktəbin direktoru Firəngiz Həsənova qonaqları salamlayaraq, görkəmli dramaturq İlyas Əfəndiyevin yaradıcılığı, Akademik Milli Dram Teatrında hazırlanan tamaşalar, o cümlədən "Mənim gümahım" tamaşası haqqında məlumat verib.
Görüşdə tamaşanın quruluşçu rejissoru, xalq artisti Mərahim Fərzəlibəyov, baş rolun ifaçısı xalq artisti Məleykə Əsədova, əməkdar artistlər Elşən Rüstəmov, Əjdər Həmidov, Hicran Nəsirova və teatrın baş inzibatçısı Elnur Məmmədov iştirak ediblər.
Tamaşanın yaradıcı heyəti şagirdlərə teatr haqqında maraqlı məlumatlar verib, ifa etdikləri obrazlar haqqında danışıblar. Şagirdlər tamaşanın rejissoruna və ifaçılara suallarını ünvanlayıb, yaradıcı heyətlə tamaşa ilə bağlı fikir mübadiləsi aparıblar.
Sonda "Mənim günahım" tamaşasından parçalar nümayiş olunub.
Qeyd edək ki, layihə çərçivəsində teatrın yaradıcı heyətinin məktəblilərlə görüşlərinin təşkili, tamaşalardan sonra birgə müzakirələrin aparılması və bu qəbildən digər tədbirlər nəzərdə tutulur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB