Özbəkistan mətbuatı Duzdağ müalicə mərkəzindən yazdı

Özbəkistan mətbuatı Duzdağ müalicə mərkəzindən yazdı

Azərbaycanın Özbəkistandakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Mədəniyyət Mərkəzinin təşəbbüsü ilə Özbəkistanın nüfuzlu "podrobno.uz" saytında "Дуздаг Нахичевана - чудо Азербайджана, которое не имеет аналогов в мире" adlı məqalə verilib. SİA-nın verdiyi məlumata görə, məqalədə qeyd edilir ki, dəniz səviyyəsindən 1173 metr hündürlükdə yerləşən Azərbaycanın Naxçıvan Muxtar Respublikasının Duzdağ - duz mağaraları dünyada tənəffüs orqanlarının xəstəliklərini uğurlu müalicə edən məkandır.

Müəllif yazır: XX əsrin ortalarından başlayaraq allergik xəstəliklərin sayının artması dünyada həkimləri ciddi narahat etməyə başlamışdır. Uzun axtarışlardan sonra aşkar edilmişdir ki, duz şaxtalarında bu cür xəstəliklərin müalicəsi mümkündür və faydalıdır.

İlk dəfə olaraq 1871-ci ildə İtaliyanın Florensiya şəhəri yaxınlığında Monsamam əyalətində yaşayış məskənində mədən şəraitində allergik xəstələr müalicə edilmişdir. Azərbaycanın Naxçıvan Muxtar Respublikasında yerləşən "Duzdağ" otelində və yerin 300 metr dərinliyində olan duz mədənləri insanlara əsl şəfa verir.

Məqalədə "Duzdağ" otelində, habelə müalicəxanada yaradılan şərait haqqında geniş məlumat verilib.

Azərbaycanın tarixi diyarı olan Naxçıvanın təbii ehtiyatlarla zəngin olduğu və burada 90 milyon ton duz ehtiyatının olduğu məqalədə öz əksini tapıb.

Müəllif 6 min il əvvəl Nuh dövründən burada duz çıxarılırdığını və Naxçıvan ərazisindən Yaxın Şərq ölkələrinə "İpək yolu" kimi dünyada məşhur olan "duz yolu"nun uzandığı qeyd edir və vurğulayır: bu yer dünyada möcüzəlidir. O, maraqlananları və turistləri bu möcüzəni öz gözləri ilə görmək üçün Naxçıvana dəvət edir.

Məqalənin sonunda Azərbaycan sivilizasiyasının beşiyi olan Naxçıvanın mineral və müalicəvi sularla - "Badamlı", "Sirab", "Vayxır" zəngin olduğu və bu mövzuya da gələcəkdə müraciət ediləcəyi qeyd olunur.

Bütün xəbərlər Facebook səhifəmizdə