Məşhur türk serialının azərbaycanlı aktyoru ilə MÜSAHİBƏ

Məşhur türk serialının azərbaycanlı aktyoru ilə MÜSAHİBƏ

Azərbaycan Dövlət Musiqili Teatrın aktyoru Nicat Əlinin müsahibəsini SİA oxucularına təqdim edirik:

- Hazırda nə ilə məşğulsunuz?

- Azərbaycan Dövlət Musiqili Teatrında Rauf Hacıyevin "Кавказская племянница" operettası üzərində çalışıram.

- Bildiyiniz kimi, son illər ölkəmizdə filmlər çəkilir. Nədənsə sizi yeni filmlərdə görmürük. Buna səbəb nədir?

- Bəli, son illərdə bir çox yeni filmlər lentə alınır. Bildiyiniz kimi, bir müddət Türkiyədə "Mint Production"ın çəkdiyi "Zengin kız Fakir oğlan" serialında rol aldığm üçün Bakıda yox idim. Bu səbəbdən də son vaxtlar çəkilən yerli filmlərimizdə yer almamışam.

- Nə üçün sizi artıq "Zengin kız, Fakir oğlan" serialında görmürük?

- Bəzi ailə məsələlərim var idi. Ona görə də vətənimə qayıdaraq onları həll etməli oldum. Bu səbəbdən "Mint Production"la olan müqaviləmi ləğv etdim.

- Sizin serialdakı tərəf müqabilinizlə sevgi münasibəti yaşadığınız barədə xəbərlər yayılmışdı. Bu məlumat doğrudurmu?

- Xeyr, yanlış məlumatdır. Serialdakı tərəf müqabilim olan Duyğu Gök Boztepe ailəlidir, hətta bir qızı da var. Duyğu istedadlı aktrisa və çox yaxşı dostdur. Onu da deyim ki, bu sənətlə məşğul olduğum ilk gündən, qarşıma qanun qoymuşam. Onun əsas bəndlərindən biri odur ki, heç vaxt iş yerində, teatrda, filmdə tərəf müqabillərimlə sevgi münasibəti yaşamaram. Hətta dünyanın ən gözəl xanımı olsa belə onu yalnız iş yoldaşı, sənət dostu və tərəf müqabili kimi görürəm. Çünki əgər belə bir şey olsa, o zaman mənim gördüyüm işin keyfiyyəti də olmaz. Mən sənətimə və tamaşaçılarıma hörmətsizlik etmərəm.

- Həmin filmdən sonra Türkiyədəki seriallara və ya kinolara dəvət almısınızmı?

- Bəli, bir filmə dəvət almışam. Film hazırlıq prosesində olduğuna görə hələ ki, gözləyirəm. Hazırlıq prosesindən sonra İnşaAllah işə başlayacağıq.

- Qardaş ölkədəki hansı filmlərə çəkilmək istərdiniz?

- Tarixi filmlərdə rol almağı arzu edərdim.

- Gənc aktyor kimi ölkəmizdə çəkilən seriallar və filmlər barədə nə deyə bilərsiniz?

- Çəkilən filmlər arasında yaxşı və pislər var. Bəzi prodakşnlar yalnız maddi gəlir götürmək üçün film çəkirlər. Maddi gəlir də önəmlidir. Ancaq filmin və serialın keyfiyyətli olmasına da çalışmaq lazımdır. İşinin peşəkarı olmayan rejissorlar kadr qura bilməyən operatorlarla, "aktyor"larla çalışırlar. Bu səbəbdən çəkilən serial və filmlərin keyfiyyəti çox aşağıdır. Yaxşı ssenarist də yoxdur. Halbuki, yetərincə peşəkar rejissor, operator, aktyorlarımız var. Təəssüf ki, pulu qeyri- peşəkarlara ayırırlar. Fikrimcə, ssenari və filmləri yoxlayıb qəbul edən peşəkar sənətkarlarımızdan ibarət komissiya heyəti yaradılmalıdır. Həmin komissiya film və serialları izləyib qəbul edib-etməyəcəklərinə qərar verməlidir. Filmi, serialı çəkən şəxslər də özlərində bir az məsuliyyət hiss edib maraqlı ssenari seçib, peşəkar komanda, aktyor heyəti yığıb işə başlamağa məcbur olacaqlar. Film, serialı çəkən şəxslər biləcəklər ki, əgər keyfiyyətli iş ortaya çıxartmasalar, onların bu məhsulu kinoteatrlara, efirlərə buraxılmayacaq. Filmə ayrılan pulu dövlət qarşılamayacaq, öz ciblərindən verməli olacaqlar. Beləliklə bu məhsul onlara pul qazandırmayacaq. Ən azından bundan qorxub, özlərində məsuliyyət hiss edib daha səviyyəli iş ortaya çıxarmağa çalışacaqlar. Yalnız bundan sonra biz də qonşu ölkələr kimi film və seriallarımızla dünya arenasına çıxa bilərik.

- Bildiyimizə görə, Musiqili Teatrda yeni çalışmağa başlamısınız. Teatrda işləmək necə hisdir?

- Teatr mənim üçün bir laboratoriyadır. Daim öz üzərində işləməyi tələb edən yerdir. Teatr hisslərimi, aktyor texnikamı, plastikamı, səsimi daim işlətməyə, hazır vəziyyətdə olmağa məcbur edir. Tamaşaçı ilə daim canlı ünsiyyətdə olmaq çox gözəl duyğudur. Bu hissi bir dəfə yaşayan insan səhnədən əl çəkmək istəmir. Mən daha çox balaca tamaşaçılarımızla işləməyi sevirəm.

- Sizcə seriallara, filmlərə çəkilmək yoxsa teatrda fəaliyyət göstərmək daha asandır?

- Düşünürəm ki, hər biri çətindir. Hərəsinin öz çətinlikləri var. Sənət dostlarım məni daha yaxşı başa düşər.

- Bir gənc aktyor kimi özünüzdə nəyi bəyənmirsiniz?

- Bilmədiyim çox şeylər var. Onları öyrənməyə, inkişaf etdirməyə vaxt tapa bilmirəm. Bax bunu özümdə bəyənmirəm.

- Həyatda peşman olacağınız nə isə etmisiniz?

- Olur belə şeylər. Kiminsə qəlbini qırmaq, xətrinə dəymək çox çəkindiyim hərəkətdir. Olub, bəzən bilmədən əsəbi olarkən kiminsə qəlbinə dəymişəm. Ancaq sonradan peşman olmuşam.

- Ən böyük arzunuz?

- Ən böyük arzum çəkildiyim filmlə dünya arenasına çıxmaqdır. Niyyətin hara, mənzilin ora... Şükürlər olsun ki, bu günə qədər niyyətim olan yerlər mənzilim olub. İnşaAllah bundan sonra da olar.

- Bir insanda nəyi bağışlaya bilməzsiniz?

- Satqınlıq, xəyanət, paxıllıq hisslərini bağışlaya bilmərəm. Çünki bu xüsusiyyətlər olanda insana güvən itir. Güvənimi itirən insanları bir də ətrafıma buraxmıram.

- Hər hansı hadisənin qarşısını almaq üçün yalan danışmısınız?

- Olub. Çünki bəzən insanların şirin yalana ehtiyacı olur.

Bütün xəbərlər Facebook səhifəmizdə