Bu gün Azərbaycan İstiqlal Muzeyinin ekspozisiyasında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 20 noyabr 2014-cü il tarixli "General Əliağa Şixlinskinin 150 illik yubileyinin keçirilməsi haqqında" sərəncamına uyğun olaraq "Generalın yolu" adlı tədbir-sərgi təşkil olunub. SİA-nın verdiyi məlumata görə, tədbirdə Ə.Şıxlinskinin ailə üzvləri, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının, Azərbaycan Dillər Universitetinin tələbələri, Respublika Gənc Turistlər və Diyarşünaslıq Mərkəzinin üzvləri, Sərhəd Qoşunların, Səfərbərlik və Hərbi Xidmətə çağırış üzrə Dövlət Xidmətinin, Hərbi Dəniz Qüvvələrinin şəxsi heyəti və digər qonaqlar iştirak ediblər.
Tədbirdə Azərbaycan İstiqlal Muzeyinin direktoru Fəridə Şəmsi, Əliağa Şıxlinskinin qohumu Ziya Şıxlinski, xalq rəssamı, heykəltəraş Xanlar Əhmədov və digər qonaqlar çıxış edərək səbəbkarın həyat və fəaliyyəti haqda məlumat veriblər. Bildirilib ki, Əliağa Hacı İsmayıl ağa Şıxlinski 1865-ci il aprel ayının 23-də Yelizavetpol (Gəncə) quberniyasının Qazax qəzasının Qazaxlı kəndində anadan olub. 1905-ci ildə Port-Artur döyüşlərində podpolkovnik rütbəsini, 1908-ci ildə polkovnik rütbəsini alıb. 1910-cu ildə onun "Səhra toplarının cəbhədə işlədilməsi" əsəri çap olunub, onun "Şıxlinski üçbücağı", "Şıxlinski formulu" adlı hərbi-elmi ixtiraları topçu-zabitlər üçün hazırlanmış dərsliklərə daxil edilib.
Vurğulanıb ki, I Dünya Müharibəsi zamanı Petroqradın artilleriya müdafiəsi General Şıxlinskiyə tapşırılmışdı. 1917-ci ilin sentyabrından 10-cu ordunun komandanı təyin olunub.Öz xahişi ilə imperiya ordusundan tərxis olunmuş, Azərbaycan Demokratik Respublikanın hərb nazirinin müavini təyin edilib. Sonrakı dövrlərdə də hərbi andına sadiq qalaraq ölkənin silahlı qüvvələrinin formalaşdırılmasına töhfələr verib.
Qeyd edək ki, sərgidə 30 ədəd fotoşəkil, muzeyin fondunda saxlanılan kitablar, sənədlər tamaşaçılara təqdim olunub. Ə.Şıxlinskiyə həsr olunmuş sənədli film (rejissor Ziya Şıxlinski) nümayiş olunub və xalq rəssamı, heykəltəraş Xanlar Əhmədovun müəllifi olduğu Ə.Şıxlinskinin büstünün təqdimatı keçirilib.



Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB