Musiqi festivalının açılış mərasimi olub

Musiqi festivalının açılış mərasimi olub

Bu gün Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə Qara Qarayev VI müasir musiqi festivalının açılış mərasimi keçirilib. SİA-nın verdiyi məlumata görə, mərasim dahi bəstəkar Qara Qarayevin "İldırımlı yollarla" baletindən "İntroduksiya"nın səslənməsi ilə başlayıb.

Tədbirdə mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev çıxış edərək iki ildən bir keçirilən böyük Qara Qarayevin adını daşıyan beynəlxalq musiqi festivalının iştirakçısı olduğunu vurğulayıb: "Qara Qarayev Azərbaycan mədəniyyətinə əvəzsiz xidmətlər göstərib. Gənc yaşlarından istedadının gücünə güvənərək dünya səviyyəli bəstəkarlarla tərəfdaşlıq edib. Üzeyir Hacıbəyli və Dmitri Şostakoviç kimi dahilərdən dərs alıb".

Daha sonra musiqilər ifa edilib.

Gecədə Ü.Hacıbəyli adına Azərbaycan Dövlət simfonik orkestri çıxış edib. Bədii rəhbər və baş dirijor Rauf Abdullayevin rəhbərliyi altında V.Lyutoslavski, K.Saariaho, E.Denisov və digər bəstəkarların əsərləri səsləndirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə