Dinara Əliyeva Böyük Teatrda çıxış edəcək

Dinara Əliyeva Böyük Teatrda çıxış edəcək

Azərbaycanın əməkdar artisti, soprano Dinara Əliyeva Moskvadakı Böyük Teatrda çıxış edəcək. SİA-nın verdiyi məlumata görə, Dinara Əliyeva mayın 23-də Cakomo Puççininin "Bohema" operasında Mimi obrazını yaradacaq.

Dinara Əliyeva 2009-cu ildən Rusiyada Böyük Teatrın solistidir. O, Rusiya, İtaliya, Fransa, Yunanıstan, Çexiya, Monte-Karlo, ABŞ, Yaponiyanın opera teatrı səhnə və konsert zallarında çıxış edib. İfaçının 2010-cu ildə Bakıda məşhur tenor Plasido Dominqo ilə birgə konserti olub.

İfaçının C.Verdinin anadan olmasının 200 illiyi münasibətilə Fransanın Kolmar və Çexiyanın Praqa şəhərlərində "GalaVerdi" adlı solo konsertləri böyük uğurla keçib.

Qeyd edək ki, Dinara Əliyeva Böyük Teatrda klassik opera qəhrəmanlarının obrazları ilə yanaşı, İ.Ştrausun "Yarasa" operettasında Rozalinda obrazını da yaradıb. Dinara Əliyeva konsertlərdə müxtəlif janrlarda, rus və Azərbaycan xalq mahnılarından, opera və operettalardakı ariyalardan tutmuş romans və cazadək müxtəlif əsərləri ifa edir.

Bütün xəbərlər Facebook səhifəmizdə