Faiq Babayev vəfat edib

Bakı Turizm Peşə Məktəbinin direktoru Babayev Faiq Ələskər oğlu bu gün vəfat edib. SİA-nın verdiyi məlumata görə, Babayev Faiq Ələskər oğlu 1950-ci ildə Bakı şəhərində anadan olub. 1967-ci ildə M. Əzizbəyov adına Qırmızı Əmək Bayrağı ordenli Azərbaycan Neft və Kimya İnstitutuna daxil olub, texnoloq, mühəndis ixtisası üzrə həmin ali təhsil ocağını bitirib.

Faiq Babayev əmək fəaliyyətinə 1968-ci ildən ali təhsil aldığı Azərbaycan Neft və Kimya İnstitutunda başlayıb. 1976-77-ci illərdə 2 saylı Texniki Peşə Məktəbində komsomol katibi, 1977-81-ci illərdə Bakı Şəhər Komsomol Komitəsində Pioner və gənclər şöbəsində və Nərimanov Rayon Kommunist Partiyasında təlimatçı kimi çalışıb.

O, 1981-1993-cü illərdə Azərbaycan Respublikası Dövlət Texniki Nəzarət Şöbəsində mühəndis işləyib. 1993-2000-ci illərdə özəl şirkətdə rəhbər vəzifələrdə işləyib. Həmin ildən 2006-cı ilə qədər Azərbaycan Respublikası Gənclər, İdman və Turizm Nazirliyində Gənclik Beynəlxalq Turizm Mərkəzində direktor müavini, 2006-2012-ci illərdə isə mərkəzin direktoru vəzifələrində çalışıb.

2012-2013-cü illərdə Azərbaycan Turizm İnstitutunun nəzdində Bakı Turizm Peşə Məktəbinin tədris istehsalat işləri üzrə direktor müavini, 2013-cü ildən isə həmin tədris ocağının direktoru vəzifəsində işləyirdi.

Ailəli idi, 3 övladı vardı.

Mədəniyyət və Turizm Nazirliyinin rəhbərliyi və kollektivi Bakı Turizm Peşə Məktəbinin direktoru Babayev Faiq Ələsgər oğlunun vəfatından kədərləndiyini bildirir və mərhumun ailə üzvlərinə dərin hüznlə başsağlığı verir.

Allah rəhmət eləsin!

Bütün xəbərlər Facebook səhifəmizdə