Xizəksürmə təlimləri keçirilib FOTOLAR

Xizəksürmə təlimləri keçirilib FOTOLAR

"Bu şagirdlər bizim gələcək müştərilərimiz və işçilərimizdir" - devizi altında Şahdağ Turizm Mərkəzinin rəhbərliyi Şahdağ Turizm Mərkəzi Qusar məktəblərinin şagird və müəllimlərinə xizəksürmə təlimləri keçirib. SİA-nın verdiyi məlumata görə, xizəksürmə üzrə beynəlxalq dərəcəli təlimçinin apardığı dərslərdə ilkin təhlükəsizlik qaydaları, avadanlıqlardan istifadə, xizəksürmə vərdişləri və texnikaları öyrədilib.

Cari ilin yanvar-mart aylarını əhatə edən 3 aylıq təlimlərdə ümumilikdə 800 nəfərədək 10-16 yaşlarında olan şagirdlər və məktəb müəllimləri iştirak edib. Təlimlərin əsas məqsədi ölkəmizin ilk qış turizm mərkəzi olan Şahdağ Turizm Mərkəzinin ilk növbədə yerli sakinlərin rifahına xidmət etməsi və qış idman növlərini daha mükəmməl mənimsəmələrinə çalışmaqdır.

İlkin təlimlərdən sonra şagirdlər Şahdağ Turizm Mərkəzində yarım günlük təlim sessiyasına qatılıblar. Mərkəzdə keçirilən təlim sessiyası 12 qrupda birləşən 250 şagirdi və müəllimi əhatə edib.

Tədbirin sonunda Şahdağ Turizm Mərkəzinin direktorunun birinci müavini Rüstəm Nəcəfov bildirib ki, "Bizim üçün Azərbaycan gənclərinin xizəksürmə vərdişlərinə yiyələnməsi çox vacibdir. Təlimlərə Qusarda başlamamıza səbəb isə odur ki, bu uşaqlar gələcəkdə bizim əsas müştərilərimiz və işçilərimiz olacaqlar. Xarici qonaqları və turistləri cəlb edə bilmək üçün ilk növbədə özümüzdə xizəksürmə mədəniyyətini inkişaf etdirməliyik". Həmçinin, Azərbaycanın digər rayonlarından olan məktəblilər üçün də xizəksürmə təlimləri keçirəcəklərini əlavə edib.

2012-ci ildən yerli vətəndaşların və əcnəbi turistlərin istifadəsinə verilən Şahdağ Turizm Mərkəzi başlıca olaraq, qış mövsümündə xizəksürmə ilə diqqətdə olsa da, yay mövsümündə də Azərbaycan təbiətinin gözəlliyi və Mərkəzdə təqdim olunan müxtəlif əyləncə növləri ilə turistləri cəlb edir.

Bütün xəbərlər Facebook səhifəmizdə