Bu gün Azərbaycanın xalq artisti Telman Adıgözəlovun ölümündən 5 il keçir. SİA-nın məlumatına görə, tanınmış sənətkar 2010-cu ilin aprel ayının 15-də, saat 04:00 radələrində 57 yaşında vəfat edib.
Telman Abbasqulu oğlu Adıgözəlov 1953-cü il iyulun 17-də Balakən rayonunda anadan olub. 975-ci ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunun dram və kino aktyorluğu fakültəsini bitirib. 1980-ci ildən Akademik Milli Dram Teatrında fəaliyyətə başlayan aktyor, teatr səhnəsində maraqlı obrazlar yaradıb. Bunlardan "Dəli yığıncağı"nda Zəncirvuran, "Xurşidbanu Natəvan"da Daşdəmir, "Mahnı dağlarda qaldı"da Rəhman, "Maqbet"də Flins, "Közərən ocaqlar"da Xanəhməd, "İblis"də Şeypurçu, "Vaqif"də Təlxək, "Nişanlı qız"da Çeşməkli kişi, "Qədr gecəsi"ndə Oyunbaz, "Ah Paris…Paris!.."də Əhməd, "Mənim sevimli dəlim"də Professor, "Hələ "sevirəm deməmişdilər"də Qumarbaz obrazlarını göstərmək olar.
Aktyor Dövlət televiziyasında hazırlanmış "Evləri köndələn yar", "Yaşıl eynəkli adam", "Ordan-burdan", "Qonşular", "Azərbaycanfilm" kinostudiyasında istehsal olunmuş "Nəsimi", "Üzü küləyə", "Mən dəniz sahilində böyümüşəm" kimi filmlərdə xarakterik rollar oynayıb.
Qeyd edək ki, Telman Adıgözəlov 2000-ci ildə Azərbaycanın "Əməkdar artisti" və 2006-cı ildə "Xalq artisti" fəxri adlarına layiq görülüb.









Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB