“Bölgələrdən paytaxta” layihəsi Şəkiyə həsr ediləcək

“Bölgələrdən paytaxta” layihəsi Şəkiyə həsr ediləcək

Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin "Bölgələrdən paytaxta" adlı yeni layihəsi Bakı sakinlərini regionların sosial-iqtisadi inkişafı, zəngin mədəniyyəti, adət-ənənələri ilə tanış etməkdə davam edir. SİA-nın verdiyi məlumata görə, bu layihə çərçivəsində Şəkiyə həsr olunmuş tədbir Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsi və Şəki rayon Mədəniyyət və Turizm şöbəsinin təşkilatçılığı ilə aprelin 21-də, saat 19:00-da Azərbaycan Dövlət Musiqili Teatrında reallaşacaq.

Layihə çərçivəsində Azərbaycan mədəniyyətinin tarixi və müasir zənginliklərini və regionların adət-ənənələrini əks etdirən dekorativ tətbiqi sənət ustalarının əl işləri sərgilənəcək, bölgənin turizm imkanları təbliğ olunacaq, incəsənət ustalarının konserti təşkil olunacaq.

Qeyd edək ki, "Bölgələrdən paytaxta" adlı yeni layihə çərçivəsində ilk tədbir Masallı incəsənət ustalarının konserti fevralın 10-da Azərbaycan Dövlət Musiqili Teatrında həyata keçirilib.

Nəzərinizə çatdıraq ki, 2015-ci il ərzində Lənkəran, Şəki, Gəncə, İsmayıllı, Şəmkir, Gədəbəy və Abşeron rayonlarının Bakı şəhərində mədəni tədbirləri keçiriləcək və hər bir regionun qədim tarixi, ənənələri, incəsənət nümunələri geniş formatda təqdim olunacaq.

Bakı sakinlərini və şəhərimizin qonaqlarını bu tədbirlərdə iştirak etməyə, regionlarımızın zəngin mədəni irsi ilə daha yaxından tanış olmağa dəvət edirik.

Bütün xəbərlər Facebook səhifəmizdə