Çanaqqala zəfəri Bakıda qeyd edildi (YENİLƏNİB)

Çanaqqala zəfəri Bakıda qeyd edildi (YENİLƏNİB)

Bu gün Azərbaycan İstiqlal Muzeyinin ekspozisiyasında "Türkiyə Cümhuriyyəti Böyükelçiliyi", "Yunus Emre Enstitüsü Türk Mədəniyyət Mərkəzi" və Azərbaycanda Atatürk Mərkəzi ilə birlikdə Çanaqqala zəfərinin 100 illiyi ilə əlaqədar "Savaştan Barışa" adlı foto-sərgi təşkil olunub. SİA-nın verdiyi məlumata görə, tədbir Azərbaycan Respublikası və Türkiyə Cümhuriyyətinin Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.

Tədbirdə Azərbaycan İstiqlal Muzeyinin direktoru Fəridə Şəmsi, "Yunus Emre Bakı Türk Mədəniyyət Mərkəzi"nin müdiri Əli Cura, Azərbaycanda Atatürk Mərkəzinin ictimai-siyasi şöbəsinin müdiri Əkbər Qoşalı çıxış edərək Çanaqqala döyüşünün tarixin səhifələrinə şanlı hərflərlə yazıldığını söyləyiblər.

Daha sonra Türkiyə Cümhuriyyətinin Azərbaycandakı səlahiyyətli səfiri İsmayıl Alper Coşqun söz alaraq Çanaqqala döyüşünün türk tarixinin dönüş nöqtəsi olduğunu bildirib: "Çanaqqala döyüşü I Dünya Müharibəsi əsnasında 1915-1916-cı illər arasında Osmanlı dövləti ilə Antanta dövlətləri arasında baş verən dəniz və quru döyüşüdür. Çanaqqala döyüşü əsrimizin ən böyük döyüşlərindən biridir. 250000 türk əsgərinin şəhid olduğu bu döyüşlərin nəticəsində düşmən donanmaları ağır itkilər verərək geri çəkiliblər. Bu döyüşdə Azərbaycandan da çoxsaylı insan döyüşmüş və həlak olublar. Biz öz tariximizlə və qardaş ölkə ilə bu sevinci paylaşmaqdan qürur duyuruq. Hər zaman olduğu kimi yenə də dünyaya sülh və dostluq mesajları verməyə davam edəcəyik".

Qeyd edək ki, qonaqlar Çanaqqala zəfərinin 100 illiyi ilə əlaqədar "Savaştan Barışa" adlı foto-sərgi ilə tanış olublar. Sərgidə Çanaqqala zəfərini əks etdirən 45 ədəd fotoşəkil nümayiş olunub.

Zaurə Əmirova

Bütün xəbərlər Facebook səhifəmizdə