Vaqif Mustafazadənin 75 illik yubileyi keçirilib

Vaqif Mustafazadənin 75 illik yubileyi keçirilib

Bu gün Heydər Əliyev Sarayında görkəmli Azərbaycan pianoçusu və bəstəkarı, caz ustası Vaqif Əziz oğlu Mustafazadənin anadan olmasının 75 illiyinə həsr edilmiş yubiley gecəsi keçirilib. SİA-nın verdiyi məlumata görə, sarayın foyesində sənətkarın həyat və yaradıcılığını əks etdirən fotosərgi nümayiş olunub.

Yubiley gecəsi Vaqif Mustafazadənin həyat yoluna həsr olunmuş video çarx təqdim edilib.
İlk olaraq əməkdar artist Teyyub Aslanovun ifasında muğam təqdim edilib. Sonra Fuad İbrahimovun dirijorluğu ilə Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının gənclər kamera orkestri Vaqif Mustafazadənin fortepiano və orkestr üçün konsert əsərini səsləndirib. Solist kimi xalq artisti Fərhad Bədəlbəyli çıxış edib.

Qeyd edək ki, Vaqif Mustafazadə 1940-cı il martın 16-da Bakıda, İçərişəhərdə dünyaya göz açıb. Atasının ölümündən sonra, anası Vaqifin tərbiyəsi ilə məşğul olmağa başlayır. O yerli məktəbdə musiqi müəlliməsi idi. 1963- cü ildə Asəf Zeynallı adına Bakı Musiqi Kollecini bitirib, Bakı Musiqi Akademiyasına daxil olub. İlk məşhurluqda elə bu zaman gəlir. Vaqif burada kiçik konsertlər verir, klublarda çıxış eləyir. O əsasən klassik caz, bluz və oynaq mahnılar ifa edir.

1964-cü ildən "Orero" ansamblına, "Qafqaz" caz üçlüyünə, "Leyli" və "Sevil" qadın vokal instrumental və "Muğam" instrumental ansambllarına rəhbərlik etmişdir. Beynəlxalq caz müsabiqələri və festivallarının ("Tallin-66", "Tbilisi-78", Monte-Karlo) laureatı olub.

1979-cu ildə Monakoda qeyri-adi şərtlərlə yeni festival keçirilir. Bu festivalın şərtlərinə görə əsərin müəllifi, ifaçısı və ölkəsi gizli saxlanılmalıdır. Festival başa çatdıqdan sonra 100-lərlə naməlum ad içərisindən bizə doğma ad çəkilir. Azərbaycan, Vaqif Mustafazadə. Monako caz festivalından vətənə "Ağ royal" mükafatı ilə qayıdır və növbəti konsertlərinə hazırlaşır.

Fortepiano və simfonik orkestr üçün konsertin, "Muğam" simfoniyasının (tamamlanmamış), bir sıra caz kompozisiyalarının və pyeslərin müəllifidir.Vaqif Mustafazadə Azərbaycan caz musiqisinin banisi və yeni caz fikrinin (devizinin) təsisçisidir. O, Azərbaycan musiqisinin, muğamın klassik Amerikan caz musiqisi ilə sintezini yaradıb. Onun yeni devizi Caz-Muğam adlanır. O, Azərbaycan Muğam Caz Hərəkatının memarıdır.

Xalq musiqisi, muğamdakı improvizasiyalarda caz elementləri görmüş və orijinal bir janr ortaya çıxarmış "Muğam" simfoniyasının müəllifi Vaqif Mustafazadə 1979-cu ildə Azərbaycan Respublikasının əməkdar artisti fəxri adına layiq görülür. 1982-ci ildə artıq ölümündən sonra Azərbaycan Dövlət Mükafatına layiq görülüb.

O, 16 dekabr 1979-cu ildə Daşkənddə qastrol zamanı ürək tutmasından vəfat edib. Bakıda dəfn olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə