Bu gün Xaçmaz rayonunun Tarix-diyarşünaslıq muzeyində kitabxanaçıların Quba-Xaçmaz zonası üzrə (Quba, Qusar, Xaçmaz, Şabran, Siyəzən, Xızı) müşavirəsi keçirilib. SİA-nın verdiyi məlumata görə, müşavirədə mədəniyyət və turizm nazirinin birinci müavini cənab Vaqif Əliyev, Kitab dövriyyəsi sektorunun müdiri Lətifə Məmmədova, Regionlarla iş sektorunun müdiri Pərviz İsgəndərli, Azərbaycan Milli Kitabxanasının nümayəndələri və Quba-Xaçmaz zonası üzrə rayon kitabxanalarının mütəxəssisləri, habelə kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak ediblər. Tədbir iştirakçıları əvvəlcə Xaçmaz şəhərində ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət etmiş və Heydər Əliyev Mərkəzi ilə yaxından tanış olublar.
Tədbirin keçirilməsində əsas məqsəd Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 6 oktyabr tarixli 3072 nömrəli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında kitabxana-informasiya sahəsinin 2008-2013-cü illərdə inkişafı üzrə Dövlət Proqramı"nın icrası nəticəsində əsası qoyulan fəaliyyət istiqamətlərinin ardıcıl və davamlı inkişafının təmin olunması üçün kitabxanaların müasir dövrdə rolu, fəaliyyəti, problemləri, onların inkişaf perspektivlərini geniş şəkildə müzakirə etmək, mövcud vəziyyəti təhlil edib qiymətləndirmək və qarşıdakı vəzifələri müəyyənləşdirməkdən ibarət idi.
Tədbiri giriş sözü ilə mədəniyyət və turizm nazirinin birinci müavini Vaqif Əliyev açıb. O, qeyd edib ki, yaşadığımız informasiya cəmiyyətində informasiyanın bir yerə toplanıb saxlanılmasında kitabxanaların rolu və mövqeyi əvəzolunmazdır. Kitabxanalar informasiyanı toplayıb saxlamaqla yanaşı, əldə olunan informasiyanın təyinatı və tələbatı üzrə paylanmasını, çatdırılmasını bilavasitə yerinə yetirən və xalqla sıx əlaqədə olan sosial qurumlardır. Azərbaycan 20 ildən artıqdır ki, müstəqildir və müstəqil ölkədə digər sahələr kimi kitabxana işi də durmadan inkişaf edir, informasiya cəmiyyəti qurulur, milli şəbəkə infrastrukturu formalaşır. Əldə olunan bu nailiyyətlər şübhəsiz ki, dövlətin dəstəyi olmadan reallaşa bilməzdi.
Geniş kitabxana-informasiya şəbəkəsinə malik Azərbaycanda on iki mindən çox müxtəlif tipli kitabxana mövcuddur. Onlardan 3 min 172-si Mədəniyyət və Turizm Nazirliyinin kütləvi kitabxanalar şəbəkəsinə daxildir. Bizim kitabxanalarda 10 mindən çox insan çalışır, onlardan 8 min 285-i kitabxanaçı kadrlardır. Bu kitabxanalar 2 milyondan çox oxucuya xidmət edir. Kitabxanalar vasitəsi ilə oxucuların ixtiyarına 32 milyon 300 mindən çox ədəbiyyat verilib (kitab, CD, DVD, qəzet və jurnallar və s.).
Sonra söz Nazirliyin Kitab dövriyyəsi sektorunun müdiri Lətifə Məmmədovaya verilmişdir. Onun çıxışında kitabxanaların vəziyyətinin geniş təhlili aparılmış, onların nailiyyətlərindən, habelə nöqsan və çatışmazlıqlarından söhbət açılıb. Statistik göstəricilər iştirakçıların diqqətinə slaydlar vasitəsi ilə çatdırılıb. Qeyd olunub ki, müasir dövrdə kitabxanaların cəmiyyətdə rolu artmaqdadır. Region kitabxanalarının fəal inkişafı isə Nazirliyin fəaliyyətinin prioritet istiqamətlərindən biridir.
Müşavirdə Qusar rayon MKS-nin direktoru Zahir Mustafayev-"Əhalinin mütaliə marağının artırılması kitabxanaların fəaliyyətinin prioritet istiqamətlərindən biridir", Sevda İsmayılova - Xaçmaz rayon Mərkəzi Kitabxanasının İnformasiya-resurs şöbəsinin müdiri, Xaçmaz Amerika Mərkəzinin koordinatoru - "Amerika guşəsində istifadəçilərə yeni xidmətlərin göstərilməsi", Aişə Əliyeva Xızı rayon MKS-nin direktoru v.i.e. -"Fondların komplektləşdirilməsi günün ən vacib məsələsidir", Arzu İsayeva-Şabran rayon Mərkəzi Kitabxanasının Uşaq şöbəsinin müdiri – "Azyaşlı uşaqlar "danışan kitablar"la necə işləyir", Gülnisə Abasova Quba rayon Mərkəzi Kitabxanasının Kitabxana-biblioqrafia proseslərinin avtomatlaşdırılması şöbəsinin müdiri "Müasir dövrdə elektron resurslarla iş", Kifayət İsmayılova Siyəzən rayon Mərkəzi Kitabxanasının İnformasiya-resurs şöbəsinin müdiri "Kitabxana filialları - informasiya mərkəzi kimi" mövzuları üzrə çıxış ediblər.
Zona müşavirəsinin iştirakçılarına "ALİSA" proqramının təqdimatı nümayiş etdirilib. Müşavirənin sonunda iştirakçılara "Dünya kitabxanaları" slaydı nümayiş etdirilib. Tədbirdə kitabxanaçılara tövsiyə və məsləhətlər verilmiş, onlar bir-biri ilə təcrübə mübadiləsi aparıblar.
Qeyd edək ki, müşavirənin yekunlarını mədəniyyət və turizm nazirinin birinci müavini cənab Vaqif Əliyev vurub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB