AKB-su təlimlərini davam etdirir

Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin nəzdində ölkəmizdə işgüzar turizmin inkişafı üzrə strategiyanın həyata keçirilməsi məqsədi ilə yaradılan Azərbaycan Konqreslər Bürosu cari il üçün nəzərdə tutulan növbəti təlimini həyata keçirib. SİA-nın verdiyi məlumata görə, Azərbaycan Konqreslər Bürosu 2015-ci il Təlimlər Planına əsasən Büronun üzvlüyündə olan məkanın idarə olunması üzrə ixtisaslaşan şirkətlər (DMC) üçün nəzərdə tutulan təlimini təşkil edib.

Xarici ekspertlər Ivo Franşitz və Henrik van Arnoldun iştirakı ilə təşkil olunan "DMC-lərin Peşəkarlığı" təlimi 30-dan çox mütəxəssisi bir araya gətirib. Təlim zamanı bu sahə üzrə beynəlxalq təcrübə nəzərdən keçirilib və eləcə də praktik çalışmalara yer verilib.

2013-cü ilin sonlarından fəaliyyətə başlayan Azərbaycan Konqreslər Bürosunun fəaliyyət sahəsinə Azərbaycana irimiqyaslı beynəlxalq tədbirləri cəlb etmək və ölkəni beynəlxalq səviyyəli təyinat məkanı kimi təbliğ etmək daxildir.

Bu məqsəd ilə, Büro dünyanın müxtəlif ölkələri ilə işləyir, hədəf bazarlarla yaxın əlaqələr qurur, bazar iştirakçılarını ölkəyə cəlb etməyə çalışır və bütün maraqlı Görüşlər Sənayesi iştirakçıları ilə əməkdaşlıq etmək üçün beynəlxalq konqres və seminarlarda iştirak edir.

Bütün xəbərlər Facebook səhifəmizdə