Əbülfəs Qarayev media nümayəndələri ilə görüşüb

Əbülfəs Qarayev media nümayəndələri ilə görüşüb

Bu gün Azərbaycan Xalça Muzeyində Mətbuat Şurasının (MŞ) təşəbbüsü ilə mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin ölkəmizdə fəaliyyət göstərən aparıcı qəzetlərin redaktorları, informasiya agentliklərinin və nüfuzlu jurnalist təşkilatlarının rəhbərləri ilə görüşü keçirilib. SİA-nın verdiyi məlumata görə, tədbirdə nazirlikdə aparılan islahatlar, mətbuat orqanları ilə əməkdaşlığın genişləndirilməsi yolları, III Mədəniyyətlərarası Dialoq Forumuna hazırlıq, forumun mediada işıqlandırılması ilə bağlı prioritet tövsiyələr, I Avropa Oyunları ilə əlaqədar nazirliyin vəzifələri, turizm müəssisələrində hazırlığın səviyyəsi kimi mühüm məsələlər müzakirə olunub.

Görüşdə mədəniyyət və turizm naziri Əbülfəs Qarayev son illər rəhbərlik etdiyi nazirlik tərəfindən həyata keçirilən işlərdən, mədəniyyətimizin inkişafı, təbliği istiqamətində reallaşdırılan layihələrdən danışıb. Diqqətə çatdırıb ki, nazirliyin daxilində struktur dəyişikliyi olub: "Bu da işin daha səmərəli qurulmasına, dövrün tələblərinə cavab verən layihələrin reallaşmasına xidmət edir".

MŞ-in sədri Əflatun Amaşov bu cür görüşlərin böyük əhəmiyyət daşıdığını söyləyib. Bildirib ki, bu görüşlər media təmsilçilərinə rəhbər qurumların nümayəndələri ilə hər hansı problemin, mövzunun müzakirəsinə və həllinə müsbət təkan verir: "İlin sonuna qədər bir sıra dövlət qurumlarının rəhbərləri ilə görüşlərin keçirilməsi nəzərdə tutulur. Bu gün Azərbaycanda 40-a yaxın qəzet nəşr olunur, demək olar ki, hər həftə yeni xəbər portalları yaradılır. Onu da deyim ki, başqa ölkələrdə olduğu kimi, Azərbaycan jurnalistikasında həm maliyyə, həm də peşəkarlıq baxımından müəyyən problemlər var. Ən böyük problem isə jurnalistlərin ixtisaslaşmasıdır. Maliyyə problemləri bəzi məqamlarda imkan vermir ki, kütləvi informasiya vasitələri çoxsaylı jurnalistlərlə çalışsın. Buna səbəb isə bir jurnalistin müxtəlif sahələrdə çalışmasıdır. Ümumiyyətlə jurnalistikada ciddi islahatların olmasına ehtiyac var. Ötən il qabiliyyət tələb edən imtahanlarda jurnalistika ixtisasında oxumaq istəyən 200 abituriyentdən 50 nəfər daxil olub. İllər keçdikcə peşəkar jurnalistlərin sayı da artacaq".

Sonra Ə.Qarayev görüşdə nəzərdə tutulan mövzularla bağlı geniş məlumat verib, hazırlıq işlərindən, medianın bu prosesdəki rolundan və digər məsələlərdən danışıb: "Turizm və Menecment Universitetində ali təhsil ocağı yaratmaqla yanaşı, eyni zamanda turizm və mədəni xidmətlər sahəsində önəmli işlər görülür. Əsas vəzifəmiz turizm sektorlarında, otellərdə çalışan hər bir işçinin peşəkarlıq səviyyəsini yüksəldilməsindən ibarətdir".

Sonra tədbir müzakirələrlə davam etdirilib.

Müzakirədə SƏS Media Qrupunun rəhbəri Bəhruz Quliyev çıxış edərək son illər Azərbaycanda mədəniyyət və turizm sektorunda baş verən köklü dəyişikliklərdən, dövlət başçısı cənab İlham Əliyevin rəhbərliyi altında bu sahədə aparılan islahatlardan danışıb və təkliflər irəli sürüb.

B. Quliyev bu görüşün I Avropa Oyunları ərəfəsində baş tutmasını vacib amil kimi dəyərləndirib. Qeyd edib ki, mövqeyindən, sosial yönümündən, siyasi baxışlarından asılı olmayaraq, hər bir Azərbaycan vətəndaşı ölkəmizin maraqları naminə var qüvvəsini ilə çalışmalı, gücünü ortaya qoymalıdır: "Azərbaycanın maraqlarını qorumaq təkcə dövlətin vəzifəsi deyil, bunu hər bir azərbaycanlı vicdan borcu olaraq etməlidir. Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında ayrı-seçkiliyə yol vermək olmaz. Düşünürəm ki, sizinlə görüş də buna bir stimuldur. Azərbaycanın kimliyini sübut etmək üçün, hesab edirəm ki, Avropa Oyunlarının keçirilməsi bir şansdır. Çünki, hazırda təkcə Avropanın deyil, bütün dünyanın gözü Azərbaycandadır. Biz jurnalistlərin də borcudur ki, Azərbaycan həqiqətlərini, mədəniyyətimizi, adət-ənənələrimizi, mətbəximizi, bir sözlə maddi-mənəvi dəyərlərimizi layiqli şəkildə təbliğ edək. Bunun üçün həm də peşəkar, bu sahəni dərindən bilən, araşdıran, təbliğ etməyi bacaran jurnalistlər lazımdır. Mədəniyyət və Turizm İnstitutunda jurnalistika fakultəsi və yaxud şöbəsi yaratmaqla bu boşluğu doldurmaq olar".

SƏS Media Qrupun rəhbərinin növbəti təklifi milli mətbəximizin dünyaya təbliğ olunması və turizm mərkəzlərində, restoranlarda qida rasionundan düzgün istifadə edilməsi ilə bağlı olub. Eyni zamanda B. Quliyev milli adət-ənənələrimizin, bayramlarımızın təşkilində, icra edilməsində bəzi təhrifçiliyə yol verilməsindən danışıb, misal olaraq ötən əsrlə bu gün keçirilən Novruz bayramının arasındakı fərqləri göstərib.

"İki sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimzadə, "APA Holdinq"in prezidenti Vüsalə Mahirqızı, "Yeni Azərbaycan" qəzetinin baş redaktoru Hikmət Babaoğlu, "Ədalət" qəzetinin baş redaktoru İradə Tuncay, "525-ci qəzet"in baş redaktoru Rəşad Məcid, Beynəlxalq Avrasiya Mətbuat Fondunun sədri Umud Rəhimoğlu, "Xalq Cəbhəsi" qəzetinin baş redaktoru Elçin Mirzəbəyli, Azvision.az saytının rəhbəri Vüsal Məmmədov, Haqqın.az saytının redaktoru Zaur Rəsulzadə çıxış edərək dövlət qurumlarının rəhbərləri ilə belə görüşlərin vacibliyini diqqətə çatdırıblar. Fikir mübadiləsi ilə davam edən görüşün iştirakçıları mədəniyyət və turizm sahəsində gedən proseslərin işıqlandırılması, bu sahələrdə jurnalistlərin ixtisaslaşması və digər aktual məsələlərlə bağlı mülahizələrini bölüşdülər.

Daha sonra mədəniyyət və turizm naziri Əbülfəs Qarayev çıxışında bütün təklifləri dəyərləndirib, ona ünvanlanan sualları cavablandırıb.

Bütün xəbərlər Facebook səhifəmizdə