Teatr festivalının qalibləri açıqlandı

Teatr festivalının qalibləri açıqlandı

Millət vəkili Jalə Əliyevanın rəhbərliyi ilə keçirilən, AR Gənclər və İdman Nazirliyi, Mədəniyyət və Turizm Nazirliyi, ASSİTEJ – Azərbaycanın dəstək verdiyi Gənclərin III Ümumrespublika Teatr Festivalı başa çatıb. SİA-nın məlumatına görə, 6 ay davam edən marafonun finalı aprelin 2-də Azərbaycan Dövlət Gənc Tamaşaçılar teatrında baş tutub. Gənclərin üzünə artıq üçüncü ildir ki, qapılarını açan bu qocaman teatr direktor Mübariz Həmidovun birbaşa qayğısı nəticəsində festival iştirakçıları üçün doğma məkana çevrilib. Teatr festivalı bəşəriyyət üçün böyük faciəyə çevrilən, canlar alan narkomaniya və digər zərərli vərdişlərə qarşı mübarizəyə həsr olunduğundan, sloqan da NARKOSTOP seçilmişdi.

Festival çərçivəsində Bakını və 4 regionumuzu (Naxçıvan MR, Ucar, İmişli, Şamaxı) təmsil edən 12 tamaşa hazırlanmışdı:

Rəmail Bayramlı – "Səfil"

Qorqud Cəfər - "Ruhun qəfəsi"

Fidan Məmmədova - "Yuxu"

Ayla Qasımzadə - "Görünməz adam"

Ucar –Elçin Aslangil - "Gözləri yummaq"

Şamaxı – Əbdül Məcidli - "Narkostop etüd"

Cavad Nuriyev-"Yaşamaq yanğısı"

Naxçıvan – Elnur Rzayev – "Boz"

Zəhra Bəhram - Osmanova - "Cənnətə enən pilləkən"

Gülnarə Əhmədli - "Həyatımı qaraldan ağ"

Zaur Əliyev - "Özgə sənət"

Imişli –Tural Ələkbərov - "Şou şeytan"

Festivalın Təşkilat Komitəsinin sədri Jalə Əliyeva əsas məqsədin gənclərin diqqətini zərərli vərdişlərə, xüsusən də narkomaniya bəlasına qarşı mübarizəyə düzgün istiqamətləndirmək olduğunu söyləyib.

Nəhayət həyəcanlı an – festivalın münsifləri olan əməkdar artist Sənubər İsgəndərli , əməkdar incəsənət xadimi Şeyx Əbdül Mahmudbəyov, əməkdar artist Hüsniyyə Mürvətova, xalq artisti Ramiz Novruz, əməkdar artist Nicat Kazımovun qərarı ilə Festivalın Qran-prisinə, II və III yerlərə layiq görülən truppaların adı açıqlanıb. Qran – Pri mükafatına Gülnarə Əhmədli "Həyatımı qaraldan ağ" tamaşası ilə layiq görülüb.

Qeyd edək ki, Gülnarə və onun həyat yoldaşı Bəhruz Vaqifoğlu artıq uçuncü ildir ki, festivala qatılıblar. İlk festivalda nişanlı, ikincisində evli, indisə artıq valideyn kimi iştirak edən bu sevimli cütlüyə Amin bala uğur gətirdi - Gülnarə və Bəhruz Festivalın tarixinə adlarını qalib kimi yazdılar. İkinci yeri Qorqud Cəfər özünün "Ruhun qəfəsi" tamaşası ilə qazandı. Üçüncü yerə Ucar truppası - ötənilki festivalın qalibi Elçin Aslangil "Gözlərini yummaq" tamaşası ilə layiq görüldü. Festivalın "Ən yaxşı akytor" nominasiyasının qalibi Qorqud Cəfər, "Ən yaxşı aktrisası" isə Naxçıvan Dövlət Universitetinin Tələbə-gənclər studiyasını təmsil edən Nurbəniz Niftəliyeva oldu. Həvəsləndirici mükafatı festivalın ən gənc rejissoru - 15 yaşlı Ayla Qasımzadə "Görünməz adam" tamaşası ilə qazandı. "Ən yaxşı ssenari" nominasiyası üzrə "Nurəngiz Gün adına Ədəbi Mükafatın" sahibi Elçin Aslangil oldu.

Qaliblərə kubok, fəxri diplom, pul mükafatı və Park Bulvar AVM-dən qiymətli kartları Hesablama Palatasının auditoru Mehriban Alışanova, Gənclər və İdman Nazirliyinin şöbə müdiri İndira Hacıyeva, millət vəkilləri Jalə Əliyeva, Elmira Axundova, "APA Holding"in prezidenti Vüsalə Mahirqızı, xalq artisti Vaqif Əsədov təqdim etdilər. Lakin 6 ay davam edən festivalın digər iştirakçıları da mükafatsız qalmadı. Yaradıcı mühit, yeni qazanılan dostlar, təcrübə, avtoritetli münsiflərin onların tamaşasına verdiyi rəy və Dövlət Gənc Tamaşaçılar Teatrında çıxış etmək şansı - bu xoş təəssüratlarla festivalın 120 iştirakçısı səhnəyə toplaşdı. Festivalın icraçı direktoru Sənan Əlləz yaradıcı gənclər adından ölkə başçısına müraciət səsləndirərək, yaxında "Bura Vətəndir" adlı Avropa Gənclərinin I Beynəlxalq Teatr Festivalına start verilməsi arzusunda olduqlarını bildirdi və dəstək istədilər.

Sonda iştirakçılar alqış sədaları altında reper Dassen Ayazın xüsusi olaraq, festivala himn kimi yazdığı "Narkostop" mahnısının sədaları altında tamaşaçılarla vidalaşdılar.

Bütün xəbərlər Facebook səhifəmizdə