MTN QDİƏT-də təmsil olunacaq

7-8 aprel tarixində Türkiyənin İstanbul şəhərində keçiriləcək QDİƏT-in Turizm üzrə işçi qrupunun iclasında Mədəniyyət və Turizm Nazirliyinin Turizm şöbəsinin müdiri Aydın İsmiyev iştirak edəcək. SİA-nın verdiyi məlumata görə, iclas çərçivəsində QDİƏT-ə üzv ölkələrdə davamlı turizm sahəsində ən yaxşı təcrübələrin tətbiqi, təşkil edilən turizm tədbirləri və sərgilərində qarşılıqlı iştirak, turizmin xüsusi növləri üzrə əməkdaşlıqların qurulması və bir sıra digər mühüm məsələlər müzakirə ediləcək.

İclasda cari ilin 23 aprel tarixində Moldovanın Kişinev şəhərində keçiriləcək Nazirlərin görüşü üçün müzakirələr və hazırlıq işləri aparılması nəzərdə tutulub.

Qeyd edək ki, QDİƏT-in Turizm üzrə işçi qrupunun iclasında turizm potensialı olan ölkələr Azərbaycan, Moldova, Yunanistan, Türkiyə, Ukrayna, Rusiya, Ruminiya, Ermənistan təmsil olunacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə