Nikita Mixalkov ustad dərsi keçirib

Bu gün Nizami Kino Mərkəzində Rusiya Kinematoqrafçılar İttifaqının sədri və Rusiya Mədəniyyət Fondunun prezidenti, kinorejissor Nikita Mixalkovun kino xadimləri ilə görüşü və ustad dərsi keçirilib. SİA-nın verdiyi məlumata görə, Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri, xalq artisti Şəfiqə Məmmədova, xalq artistləri Eldar Quliyev, Oqtay Mirqasımov, rejissor Aqil.M.Quliyev, gənc rejissor və aktyorlar iştirak edib.

Görüşdə çıxış edən Ş Məmmədova N. Mixalkovun Bakıya səfərinin yaradıcılıq məsələsi ilə bağlı olduğunu diqqətə çatdırıb. Bildirib ki, Nikita Mixalkov kino çəkilişi üçün Bakıya gəlib.

Daha sonra N. Mixalkov Bakıda olmaqdan məmnunluğunu bildirib. N.Mixalkov gənc Azərbaycan kinematoqrafçıları ilə iki saat davam edən ünsiyyət zamanı yeni kinematoqrafçılar nəslinin inkişafına, müxtəlif ölkələrin gənc artistləri arasında yaradıcılıq əlaqələrinin və səmimi münasibətlərin yaradılmasına, təcrübə mübadiləsinə kömək göstərmək məqsədi daşıyan Yay kino akademiyasından, təhsil layihəsindən, kino və teatr mütəxəssislərinin – aktyorların, rejissorların, operatorların, prodüserlərin, ssenariçilərin yaradıcılıq şəraitində dərs keçməsindən bəhs edib. Diqqətə çatdırıb ki, çəkiliş meydançası gələcək filmin yaradıldığı bir yerdir.

Nəzərinizə çatdıraq ki, qısamüddətli səfəri zamanı N.Mixalkov azərbaycanlı həmkarları ilə görüşəcək, ikitərəfli əməkdaşlığın genişləndirilməsi və dərinləşdirilməsi məsələlərini müzakirə edəcək. O həmçinin Bakının görməli yerləri ilə tanış olacaq.

Qeyd edək ki, "Oskar" mükafatı laureatı Nikita Mixalkov "Beş gecə", "Piano üçün yarımçıq qalmış pyes" "Oblomovun həyatından bir neçə gün", "Şahidlərsiz", "Qara gözlər", "Urqa", "Günəşdən usanmışlar", "Sibir bərbəri", "12", "Günvurma" və bir çox başqa filmlərin müəllifi, Kann, Venesiya kimi kino festivallarının qalibidir.

Bütün xəbərlər Facebook səhifəmizdə