Tarixçi: "Azərbaycan XX əsrdə iki dəfə soyqırımına məruz qalıb”

Tarixçi: "Azərbaycan XX əsrdə iki dəfə soyqırımına məruz qalıb”

"Azərbaycan XX əsrdə iki dəfə soyqırıma məruz qalıb". Bunu SİA-ya açıqlamasında tarixçi Qasım Hacıyev söyləyib. Bildirib ki, ermənilər başqa dövlətlərin oyuncağına çevrilərək Azərbaycana qarşı qəddar mövqe tutur: "1918-ci ilin 30 mart və 3 aprel tarixləri arasında Bakı şəhərində və Bakı quberniyasının müxtəlif bölgələrində, eləcə də Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Hacıqabul, Salyan, Zəngəzur, Qarabağ, Naxçıvan və digər ərazilərdə Bakı Soveti və daşnak erməni silahlı dəstələrinin azərbaycanlılara qarşı qırğın törədiblər. Onlar arasında ən dəhşətlisi Bakı şəhərində olub. Rəsmi mənbələrə əsasən soyqırımı nəticəsində 12 minə yaxın azərbaycanlı qətlə yetirilmiş, on minlərlə insan itkin düşmüşdür. Düşünürəm ki, buna vaxtında tarixi qiymət verilsəydi bəlkə də Xocalı soyqırımı kimi faciə də baş verməzdi. Tarix təsdiq edir ki, ermənilərin Qafqazda törətdikləri qırğınlar və soyqırımı aktları bir fakta əsaslanır. Onlar nəyin bahasına olursa-olsun Azərbaycan torpaqlarında məskunlaşmaq və oborigen xalq olduqlarını təsdiqləməyə çalışırdılar. Bu mənfur niyyəti reallaşdırmağın yolu isə azərbaycanlıların kütləvi soyqırımından, qanlı talanlardan və deportasiya siyasətindən keçirdi. Onlar bu vəhşi əməlləri ilə bir növ bu bölgədə yaşamaq və Azərbaycan türklərinin tarixi vətəni olan indiki Ermənistan ərazisində dövlət qurmaq niyyətlərini reallaşdırdılar. Azərbaycan müstəqillik qazandıqdan sonra xalqımızın tarixi keçmişinin obyektiv mənzərəsini yaratmaq imkanı əldə edildi. Ümummilli lider Heydər Əliyev 1998-ci il martın 26-da imzaladığı fərmanla 31 mart Azərbaycanlıların Soyqırım günü elan edildi. Bununla da Azərbaycan tarixində erməni məsələsinə münasibətdə yeni strategiya müəyyənləşdi. Bu, həm də Azərbaycan xalqının əsrlər boyu üzləşdiyi məhrumiyyətlərə rəhbəri Heydər Əliyev olan dövlətin verdiyi əsil tarixi qiymət idi. Təsadüfi deyil ki, bu proses sonrakı mərhələdə Azərbaycanın xarici siyasətinin əsas istiqamətlərindən biri kimi müəyyənləşdi. Daha sonra Cənab Prezident İlham Əliyev də Ümummilli Lider Heydər Əliyevin siyasətini uğurla davam etdirərək 31 mart Soyqırımı ilə yanaşı, Xocalı faciəsini də dünyada daha da tanıdılması istiqamətində mühüm işlər görür. Hazırda əsas məqsədimiz övladlarımızı vətənpərvərlik ruhunda yetişdirməkdir. Çünki Azərbaycanın əldə etdiyi müstəqillik minlərlə insanın canını qurban verməsi ilə qazanılıb".

Bütün xəbərlər Facebook səhifəmizdə