Rusiya Federasiyasının Moskva şəhərində keçirilmiş "MİTT 2015" beynəlxalq turizm sərgisində Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə Azərbaycanın turizm imkanları nümayiş etdirilib. SİA-nın verdiyi məlumata görə, sərgidə Mədəniyyət və Turizm Nazirliyinin əməkdaşlarından ibarət nümayəndə heyəti ilə yanaşı, Azərbaycan Konqreslər Bürosu, "SW travel", "Millennium Tourism and Congress", "Spektr travel", "İmprotex travel", "Delta Group", "Victory Tour", "The Tour", "Fun travel", "Pasha travel", "Geo travel", "Gilan Tourism", "Bestar", "Granitas", "Sport Luxury" turizm şirkətləri, "Chinar Hotel and Spa Naftalan", "Rigs hotel", "Rixos Quba" mehmanxanaları və "Azərbaycan Hava Yolları" (AZAL) təmsil olunub.
Sərgi çərçivəsində Mədəniyyət və Turizm Nazirliyinin nümayəndə heyəti bir sıra görüşlərdə iştirak etmiş və danışıqlar aparıb. Görüşlərdə Rusiyanın tanınmış "Ntv" telekanalında Azərbaycan haqqında verilişlərin hazırlanması, "Аргументы и факты" və "Комсомольская правда" qəzetlərində məqalələrin yerləşdirilməsi ilə bağlı təkliflər irəli sürülüb. Eyni zamanda, nazirlik ilə marketinq şirkətləri arasında əməkdaşlıqların yaradılması ilə bağlı danışıqlar da aparılıb.
Sərgidə Azərbaycanın turizm potensialını özündə birləşdirən 78 kv.m-lik sahədə qurulan Azərbaycan stendinə ziyarətçilər böyük maraq göstərib. Sərgiyə gələn qonaqlara ölkəmizin mədəniyyəti və turizm imkanları haqqında ətraflı məlumatlar verilmiş, ingilis və rus dillərində müxtəlif reklam-çap məhsulları paylanıb. Eyni zamanda, sərgidə 2015-ci ildə Bakıda keçiriləcək I Avropa Oyunları ziyarətçilərin böyük marağına səbəb olub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB