Dünyanın turizm şirkətləri Azərbaycanda toplaşacaq

Dünyanın turizm şirkətləri Azərbaycanda toplaşacaq

02-04 aprel tarixində Bakı şəhərində 14-cü Azərbaycan Beynəlxalq "Turizm və Səyahətlər" ("AITF-2015") sərgisi keçiriləcək. SİA-nın verdiyi məlumata görə, təsis edildiyi gündən bəri "AITF" sərgisi Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin fəal dəstəyi ilə keçirilir.

Yay mövsümü ərəfəsində başlayan "AITF" sərgisi üç gün ərzində turizm sahəsi üzrə danışıqların aparılması, görüşlərin keçirilməsi, eləcə də fikir və təkliflərin mübadiləsi üçün mərkəzi meydançaya çevriləcək. "AITF-2015" sərgisində dünyanın 40 ölkəsindən 350-dən çox şirkət 70 turizm istiqaməti üzrə öz təkliflərini təqdim edəcək. Onların arasında turoperatorlar, milli turizm təşkilatları, otel şəbəkələri, sanatoriyalar, pansionatlar, müalicəvi-sağlamlaşdırıcı və spa proseduraları mərkəzləri, idman və ekoloji turizm obyektləri var. Sərgidə 18 ölkə öz milli stendi ilə iştirak edəcək və onların arasında – Türkiyə, İran, Gürcüstan, Argentina, Bolqarıstan, Dominikan Respublikası, Hindistan, İran, Malayziya, Mərakeş, BƏƏ, Sloveniya və Tailand, Maldiv kimi ölkələr vardır. Həmçinin, sərgidə ölkəmizin 13 regionunun stendləri ilə təmsil olunması da nəzərdə tutulub.

"AITF" sərgisində Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinə məxsus 40 kvm ərazidə stend qurulacaq və burada Nazirliklə yanaşı Azərbaycan Konqreslər Bürosu, Azərbaycan Turizm və Menecment Universiteti, Baku şəhər turu, Şahdağ Turizm Mərkəzinin nümayəndələri köşklərlə təmin olunacaq.

"AITF" sərgisinə paralel olaraq regionun otel və restoran sənayesinin yeganə ixtisaslaşmış sərgisi olan 9-cu Qafqaz Beynəlxalq "Otellər, restoranlar və supermarketlər üçün avadanlıq və ləvazimatlar" ("Horex Caucasus-2015") və 2-ci Xəzər Beynəlxalq "Katerlər və Yaxtalar" ("CIBS-2015") sərgisi də keçiriləcək.

Qeyd edək ki, sərgi Mədəniyyət və Turizm Nazirliyi ilə yanaşı, həmçinin Ümumdünya Turizm Təşkilatı (ÜTT), Azərbaycan Turizm Assosiasiyası (AzTa) və Beynəlxalq Turizm Sərgiləri Assosiasiyası (İTTFA) tərəfindən də dəstəklənir. Sərginin təşkilatçıları qismində "Iteca Caspian LLC" və onun Böyük Britaniyalı tərəfdaşı "ITE Group Plc" şirkətləri çıxış edirlər.

Bütün xəbərlər Facebook səhifəmizdə