I Avropa Oyunları ilə əlaqədar təlimlər keçiriləcək

I Avropa Oyunları ilə əlaqədar təlimlər keçiriləcək

Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi tərəfindən Türkiyənin Mədəniyyət və Turizm Nazirliyi ilə birgə əməkdaşlıq çərçivəsində respublikanın turizm potensiallı şəhər və rayonlarında fəaliyyət göstərən mehmanxana və mehmanxana tipli obyektlərdə çalışanlar üçün mütəmadi təlim-tədris kursları təşkil olunur. SİA-nın verdiyi məlumata görə, kursların uğurlu nəticələr verdiyini, həmçinin, ölkəmizdə "I Avropa Oyunları"nın keçiriləcəyini və xidmət səviyyəsini günün tələbi səviyyəsində qurulmasının vacibliyini nəzərə alaraq növbəti mərhələnin cari ilin aprel ayının 06-dan 13-dək (8 günlük) Bakı şəhərində xidmət sahəsi üzrə təlim-tədris kurslarının keçirilməsi nəzərdə tutulub.

Təlim-tədris kurslarında əsasən 5 sahə - idarəçilərin təlimçi olaraq hazırlanması, qeyd-qəbul, xadiməçilik, masa xidməti və yeməklərin hazırlanması ixtisasları üzrə dərsləri Türkiyədən dəvət olunmuş müəllim heyəti tədris edəcək.

Təlimlər Bakı Turizm Peşə Məktəbində keçirəcək və aprel ayının 13-də kurslarda iştirak edəcək dinləyicilərə sertifikatların verilməsi ilə təlimlər başa çatacaq.

Bu istiqamətdə treninqlər paytaxtda fəaliyyət göstərən mehmanxana və ona bərabər tutulan yerləşdirmə obyektlərində xidmət səviyyəsinin yüksəldilməsinə və turizmin inkişafına öz töhfəsini verəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə