Prezident İlham Əliyevin tapşırığına əsasən "Ölkəmizi tanıyaq" devizi altında maarifləndirici tur-aksiyalar davam edir. SİA-nın verdiyi məlumata görə, aksiya çərçivəsində Naxçıvandan gələn məktəblilər İsmayıllı rayonunda olublar.
Öncə Lahıc qəsəbəsinin qədim tarixi, mədəniyyət abidələri, tarix-diyarşünaslıq muzeyi və turizm potensialı ilə tanış olublar. Məktəblilərə yüksək dağlıq ərazidə yerləşən Lahıc qəsəbəsinin qədim şəhərsalma və memarlıq sənətinin orijinal abidəsi olduğu haqqında məlumat verilib. Bildirilib ki, möhtəşəm küçə və meydanları ilə bu orta əsrlər yaşayış məskəni Qafqazda ən məşhur sənətkarlıq-ticarət mərkəzlərindən biridir. Bu gün Lahıc dövlət tərəfindən qorunan tarixi-memarlıq abidəsidir və məskənin zahiri görünüşü əvvəlki vəziyyətdə saxlanılıb. Lahıc ustalarının misdən hazırladıqları, mürəkkəb və incə naxışlarla bəzədikləri dolça, satıl, sərnic, güyüm, aşsüzən, kəfgir, kasa, cam, qazan, çıraq və digər məmulatlar dünyanın müxtəlif ölkələrində ən məşhur muzeylərində nümayiş etdirilir. Lahıc qəsəbəsinin qədim tarixi, mədəniyyət abidələri, Tarix-Diyarşünaslıq Muzeyi və turizm potensialı ilə tanışlıq məktəblilərdə xoş təəssürat oyadıb.
Rayonunun mərkəzi meydanında İcra Hakimiyyətinin əməkdaşları tərəfindən qarşılanan məktəblilər Heydər Əliyev Mərkəzində olublar. Foyedə Fazil Əzimov adına İsmayıllı Uşaq İncəsənət Məktəbinin şagirdləri tarda və pianoda bir-birindən rəngarəng musiqi nömrələri ifa ediblər.
Mərkəzi ziyarət edən şagirdlər burada Ulu öndərin həyatını, siyasi fəaliyyətini əks etdirən fotoşəkillərlə tanış olublar. Bildirilib ki, Mərkəzdə brifinq zalı, inzibati və yardımçı otaqlar mövcuddur. Bölmələrdə ulu öndər Heydər Əliyevin həyatının müxtəlif anlarını əks etdirən eksponatlar toplanıb. "Bacarıqlı əllər", "Rəsm" və bir çox başqa dərnəklər fəaliyyət göstərir.
Sonra Mərkəzin iclas zalında məktəblilərlə görüş keçirilib. Görüşdə çıxış edən İsmayıllı Rayon İcra Hakimiyyəti başçısının müavini Sevil Əhmədova qonaqları salamlayıb, qarşıdan gələn Novruz bayramı münasibəti ilə təbrik edib. İsmayıllının tarixi, rayonda sosial-iqtisadi inkişaf proqramı çərçivəsində həyata keçirilən müxtəlif layihələr, təhsil, idman, gənclər, mədəniyyət sahələrində nəzərə çarpan uğurlar haqqında məlumat verib.
Qeyd edək ki, çıxış edən məktəblilər İsmayıllıda olmaqlarından məmnunluqlarını bildirib, yüksək səviyyədə qarşılandıqlarına görə təşəkkür ediblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB