"Azər-İlmə" Bahar bayramını xalçaçılığa dair yeni "Qazax-Borçalı bölgəsinin xalçaçıları" adlı kitab-kataloqla qarşılayır. "Azər-İlmə"nin rəhbəri, əməkdar incəsənət xadimi, tarix üzrə fəlsəfə doktoru, professor Vidadi Muradovun rəhbərliyi ilə reallaşan "Azərbaycan xalçaları bütün qrupları ilə" adlı fundamental elmi-tədqiqat layihəsi çərçivəsində hazırlanmış və Təhsil Nazirliyində dərs vəsaiti kimi qeydiyyatdan keçmiş kitab Azərbaycan, rus və ingilis dillərində nəfis tərtibatla işıq üzü görüb. SİA-nın verdiyi məlumata görə, kitaba yazılmış "Ön söz"ün müəllifi və elmi redaktoru, akademik Teymur Bünyadovdur.
Bu dərs vəsaitində Azərbaycan xalçalarının Qazax-Borçalı qrupunun coğrafi sərhədlərinə müvafiq olaraq, respublikamızın Ağstafa, Qazax, Tovuz, həmçinin Gürcüstanın azərbaycanlılar yaşayan Bolnisi (Çörük Qəmərli), Dmanisi (Başkeçid), Tetri-Skaro (Ağbulaq), Zalqa (Barmaqsız), Marneuli (Sarvan) rayonlarının xalçaçıları, xalçaları, xalça tacirləri, boyaqçıları haqqında məlumatlar əhatə olunub. "Müəllifdən", "Qazax-Borçalı bölgəsinin tarixinə dair" olan bölmələr oxucuya kitabın məqsəd və məramı, ekspedisiya tədqiqatları, o cümlədən ayrı-ayrı rayonların tarixi keçmişinə dair maraqlı informasiya mənbəyidir. "Azər-İlmə"nin kolleksiyasında saxlanılan Qazax-Borçalı bölgəsinə aid qədim, müxtəlif kompozisiyalı, rəngarəng xovlu və xovsuz xalçaların, xalça məmulatlarının fotoşəkilləri və bu qrup üçün səciyyəvi olan simvolların şərhi də kitab-kataloqa daxil edilib.
Kitab-kataloq tarixçilər, etnoqraflar, sənətşünaslar, xalça mütəxəssisləri, ali və orta ixtisas məktəblərinin tələbələri, həmçinin geniş oxucu kütləsi üçün nəzərdə tutulub.

Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB